Yeniyetmə və gənclərə təlim-məşq

Azərbaycan voleybol federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular üçün təlim-məşq toplanışı keçirir. Allsport.az xəbər verir ki, iyunun 24-də start götürən təlim-məşq toplanışında yeniyetmə və gənc oğlanlar iştirak edirlər.

Məşqlərə 2008-2012-ci il təvəllüdlü Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən 24 idmançı cəlb olunub. GİN-nin voleybol mərkəzində baş tutan təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir.

Ona yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların köməkçi məşqçisi Vahid Seyed Abbasi, fiziki məşqçi İraj Müqəddəm və RVK-ların (Gəncə, Oğuz, Hacıqabul) məşqçiləri kömək edirlər.

Sentyabrın 10-a kimi davam edəcək təlim-məşq toplanışında gündə iki dəfə qrup şəklində fiziki, texniki və taktiki məşqlər keçirilir.

Məşqlərə cəlb olunan iştirakçılar bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər.

Həmin kateqoriyadan