Vüsalə Kazımova CEV-in iclasında

Avropa voleybol konfederasiyasının (CEV) tibb komissiyasının növbəti iclası keçirilib.

Allsport.az xəbər verir ki, 9–10 fevralda Lüksemburqda baş tutan toplantıda CEV tibb komissiyasının üzvü, Azərbaycan voleybol federasiyasının həkimi Vüsalə Kazımova da iştirak edib.

CEV-in baş ofisində təşkil olunan iclasa tibb komissiyasının prezidenti Jacek Leon Kruczyński rəhbərlik edib. Toplantı zamanı CEV-in cari il üçün fəaliyyət planı, beynəlxalq turnir və yarışlarda tibbi təminatın təşkili, eləcə də idmançıların sağlamlığının qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə 2025-ci il ərzində keçirilmiş və qarşıdakı dövrdə planlaşdırılan yarışlarda idmançıların tibbi müayinələrinin təşkili, zədələrin profilaktikası, bərpa prosesləri və tibbi nəzarət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, beynəlxalq yarışlarda tətbiq olunan tibbi protokolların təkmilləşdirilməsi və vahid standartların qorunmasının vacibliyi vurğulanıb.

İclas çərçivəsində CEV tibb komissiyasının üzvləri tərəfindən müasir tibbi yanaşmalar, idman təbabətində yeniliklər və bu sahədə federasiyalar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri də diqqət mərkəzində olub.

Həmin kateqoriyadan