- Baxış sayı: 57
- 13 Mart 2026 14:51
- Baxış sayı: 40
- Mart 15, 2026
- 0

Ötən bazar “Şahdağ” turizm mərkəzində dağ xizəyi üzrə Avropa çempionatına və dünya kubokuna yekun vuruldu. Həm gənclər, həm də ustalar arasında 5 gün ərzində keçirilən yarışda U-18-də Nurid Şəkərəliyev (şəkildə göy idma geyimində) 5-ci yerlə fəxri kürsünün yanında yer alaraq həvəsləndirici mükafata yiyələndi. Azərbaycan ilk uğura rəqabətin elə ilk günündə, 4 fevralda nail oldu. Qış idmanının bu olimpiya növündə canlanma bir müddət öncə başlayıb. Hərəkətliliyi müşahidə və təqdim etmək üçün federasiya 1-ci gündən KİV-lə birgə çalışır. Bu üzdən həmin ümidverici an Bakıdan ezam olunmuş mətbuat nümayəndələrinin gözü qarşısında baş verdi.
Bayaq qeyd etdiyim kimi, qış idmanı ölkəmizdə yeni-yeni ayaq açmağa başladığından, bizlər də təzə-təzə öyrənirik. Sözsüz ki, bu növün həvəskarları daha bilgilidirlər. Fəqət, dünənə qədər qış idman növləri ölkədə çox zəif olduğundan, dağ xizəyi ilə yaxından maraqlanan həmkarlar öyrəndiklərini yurd dışında keçirilən beynəlxalq yarışların şərhində təqdim edirdilər. Bu üzdən, məlum oldu ki, xizək alpinizmində mükafatlandırma 2 dəfə olur. Açıq havada qarın üstündə fəxri kürsüyə çıxanlara rəmzi hədiyyə təqdim edilir; yarış tam bitdikdən sonra qapalı məkanda onların boyunlarından medallar asılır.
Böyük Qafqaz sıra dağlarının üstü büsbütün qar idi. Bu təbii mənzərə gözəlliyinə görə İsveçərdən geri qalmırdı. Tədbirin əsas aparıcısı orta yaşlı bir qadın idi. Ab-havaya uyğun geyimindən, danışığından, peşəkarlığı dərhal hiss olunurdu. Onu diktorluqda həmkarım Tural Xudiyev müşayiət edirdi. Səfərimizin ilk günündə Qusarda hava çox soyuq idi. Fərid Qayıbov nazik geyindiyindən bərk üşüyürdü. Ona baxıb bizi də üşümək tuturdu. Ayaqüstü açıqlamadan sonra isti məkana çəkildi. Naziri anlamaq olardı. 5 mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı silsilə tədbirlər bir dəqiqə belə göz açmağa imkan vermirdi – Qusardan girib Qazaxdan çıxırdı, biri ayağı Şirvanda, bir ayağı Bakıdaydı.

Həmişə olduğu kimi, ölkəmizdə bu yarışda da təşkilatçılıq yüksək səviyyə idi. Qış idmanı federasiyası Dövlət turizm agentliyinə həvalə olunub. Aparatın rəhbəri Kənan Quluzadə peşəkar, gülərüz, mehriban insandır. Vaxtaşırı bizimlə maraqlanır, ayrı-ayrılıqda söhbət edirdi. Onu xeyli müddətdir tanıyıram. Formula-1 ilə əlaqəli tədbirdə Bakının mərkəzini gözəl təsvir edərək görüləcək işlər barədə məlumat vermişdi. Dedikləri zaman keçdikcə gerçəyə çevrildi. O söhbətdən sonra anladım ki, yaşadığım ərazi müsəlman məhəlləsidir. Ərazi bütövlükdə Bayır şəhər adlanır. Onu da bu sökəsəkdə bildim.
Azərbaycan qış idmanı federasiyasının baş katibi Günel Bədəlova balaca boyu ilə çox şeyi bilirdi. Hazırda əsas yük onun çiyinlərinə düşür. Qarşıdakı hədəf bəllidir: böyük nüfuzlu yarışları ölkəyə gətirmək, yerli idmançılar yetişdirmək, növbəti qış olimpiya oyunlarında nisbətən geniş heyətlə çıxış etmək. “Şahdağ” turizm mərkəzinin sədri Rüstəm Nəcəfov da sadə insandır. O, öz növbəsində, çalışırdı ki, iş yaxşı getsin.
Yerli tamaşaçılara da hər şərait yaradılmışdı. Onlar müntəzəm olaraq müxtəlif qidalarla pulsuz təmin olunurdular. Quraşdırma oturacaqların üst hissəsində şüşəli otaqda təcrübəli həmkarımız Fikrət Adıgözəlli adəti üzrə aramla yarışı şərh edirdi. Ertəsi gün onu Rəşad Rafiqoğlu əvəzlədi.

Paytaxtdan üzü bəri bizi turizm agentliyinin əməkdaşları Rufiklə Fikrət müşayiət edirdi. KİV-in siyahısını bu işə məsul şəxs – Orxan Bədəlov hazırlamışdı. Seçim məsələsində o peşəkarlığa və ədalətə üstünlük verməyə çalışır. Eşitdim ki, Bakıdan idman mətbuatına həvəsli xeyli insan Şahdağı gəzmək üçün minnətçi düşüb. Hər necə sayıqlıq olsa da, bu səfər də “link qoyanlar” gözə dəydi. Hətta bir futbol jurnalisti gecəni gözləməyib Mingəçevirə hansısa tədbirə yollandı. Adama deyərlər, sənin işin futboldan yazmaqdır, qeyri-futbolda, özü də ölkədə təzə-təzə inkişaf edən qış idman növündə nə azarın var? Bir yolla, Mingəçevirdə hər il ənənəvi 2 dəfə 4-günlük keçirilən avarçəkmə reqatası üçün səfər siyahısına düşməyin bəs etmir?
Qusarda gecələdiyimiz “Göl kənarı” (ingiliscə “Leyksayd”) mehmanxanası yeni istifadəyə verilib. Ötən ilin yanvarında ölkə başçısı İlham Əliyev ailəsi ilə həmin otelinin açılışında iştirak ediblər. Bu tikili dəbdəbəsi ilə seçilirdi. Otaqlar müasir tərtibatda zövqlə bəzədilmişdi. Bu səfər mübarək Ramazana düşdüyündən, təşkilatçılar oruc tutanları nəzərə almışdılar. Səhər saat 05:00-da yeməkxana obaşdana hazırdı.
Həm dəvətli tamaşaçılar, həm də KİV üçün kanatda gəzintisi də turizm agentliyinin qonaqpərvərliyinin göstəricisi idi. Xəyal öz gələcəyini quranları ya uçuruma sürükləyir, ya da zirvəyə qaldırır. Yüksək zirvəni fəth etmək üçün, sadəcə, bu yolda inamla və istəklə addımlamaq kifayətdir. İnanıram ki, düzgün səmt götürən qış idmanı federasiyası ilk cəhddə hədəfə tam çatmasa da, olimpiya növlərinin çiçəklənib inkişaf etməsində atdığı addımları bir gün nəticə verəcək.
Kamran HACI