Xetaq Qazyumov: “Bürünc”ü mübarizə aparıb qazanırsan, “qızıl”ı isə uduzursan

Dalbadal 3 olimpiadada fərqlənən daha bir idmançımız sərbəst güləşçi Xetaq Qazyumov (98 kq) oldu. Allsport.az saytı xəbər verir ki, çoxları üçün bu, böyük nailiyyətdir. Lakin bahadırımız buna bir az fərqli gözlə baxır. Onun idman.com.az-a saytına müsahibəsini təqdim edirik:

– Təbrik edirik. Çıxışınızı necə qiymətləndirərdiniz?

– Məğlub oldum. Buna görə də tam razı qaldığımı söyləyə bilmərəm. Bir az əhvalım da korlanıb. Amma nə etmək olar?! Bu dəfə alınmadı. Rəqib güclü oldu, qalib gəldi.

– Olimpiadalarda iki bürüncdən sonra gümüş medal qazandın. Bunu idmançı bioqrafiyanda uğurların davamı kimi qyimətləndirmək olarmı?
– Xeyr. Bu əvvəlkilərdən zəif nəticədir. Gümüş pis nəticədir. Çünki bürüncü mübarizə aparıb qazanırsan, qızılı isə uduzursan, itirirsən, əldən verirsən və onu gümüşə dəyişirsən. Gümüş medal mənim üçün kədərli nəticədir.

– Sənə qədər Toğrul da uduzdu. Onun məğlubiyyəti sənə psixoloji təsir etmədi ki?
– Onun nəticəsi barədə düşünməməyə çalışırdım. Buna görə görüşümə də baxmadım. Əlbəttə, ona görə həyəcanlanırdım. Axı, əziyyət çəkib bu məqama gəlib çıxıb. Onun uğurunu istəyirdim. Çox təəssüf.

– Qələbə üçün sənə nə çatmadı?
– Yəqin ki, rəqibimin həvəsi, istəyi daha çox, daha iti oldu. Qalib gəlibsə, deməli, bunu məndən daha çox istəyib.

– Bundan sonra nə edəcəksiniz, planlarınızı bölüşə bilərsinizmi?
– Hələ baxarıq. İndi, sadəcə, soyunub-geyinmə otağına gedib özümə gəlmək istəyirəm.

Qabil MEHDİYEV
Rio de Janeyro

Həmin kateqoriyadan