- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
O, Rio-2016-ya böyük ümidlə yollanmışdı. Karyerasının qürub çağında tək bir arzusu vardı: zirvə yarışını zirvədə bitirmək. Ondan sonra atacağı addımlar rahat olacaqdı. Təəssüf ki, bu alınmadı. Hədəf çox yaxın idi, çox. Hər idmançı olimpiya oyunlarında finala qədər irəliləmir. Qızıl medal uğrunda rəqibi də münasib sayılırdı. Amma gənc amerikalı ilə tutaşma Xetaq Qazyumov (98 kq) üçün daş-qayaya dəydi. Görünür, ötən ildən dünya arenasında ağır çəkidə yeni lider, məğlubedilməz bahadır – Kayl Snayder peyda olub. Allsport.az saytına müsahibəsində kapitan həlledici görüşə özəl toxundu. Bildirdi ki, Rio-2016-ya yalnız qızıl medal qazanmaq üçün yollanmışdı.
– Bildiyiniz kimi, bundan öncə 2 olimpiadada bürünc mükafat qazanmışdım. Çempion ola bilmədiyimə görə çox məyusam. Ancaq nə etmək olar, bu idmandır, güləşdir. Finalda dönüş yaratmağa tam ciddi şəkildə hazır idim, ancaq yəqin ki, taktiki səhvə yol verdim. Rəqibin ayağımdan tutmasına imkan yaratdım. Bu, mübarizənin taleyini həll etdi.
– Amma siz də sıradan idmançı deyilsiniz. İllərin təcrübəli güləşçisi meydanda yeni parlayan rəqibi qarşısında çox zor qaldı…
– Yəqin, həmin gün onun günü idi. Özüm ona çox qalib gəlmək istəyirdim. Ancaq elə alındı ki, sonda mən uduzdum. Açığı, belə alınmasına çox təəssüfləndim.
– Riodan sonrakı planlarınız nədən ibarət olacaq? Davam, yoxsa tamam?
– İdmanda uzun yol keçən karyeram olub. Deyə bilmərəm ki, artıq indidən qərarımı vermişəm. Yaxşıca fikirləşib, ölçüb-biçəcəyəm. Bundan sonra yekun qərarımı açıqlayacağam.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”