- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Belarusun paytaxtında 2-ci Avropa oyunlarının açılışı oldu. Allsport.az saytı xəbər verir ki, “Dinamo arena”da keçirilən mərasimini bir neçə ölkələrin dövlət və hökumət başçıları, o cümlədən, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izlədilər.
Gerisayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edildi. Orkestrin ifasında Belarusun dövlət himni səsləndirildi, dövlət bayrağı ucaldıldı. Sonra iştirakçı komandaların keçidi başladı. Öncə olimpiya oyunlarının tarixi vətəni Yunanıstanın idmançıları arenaya daxil oldular. Onların arxasınca digər ölkələrin komandaları latın əlifbasında ardıcıllıqla meydana çıxdıblar. Azərbaycan paradda 6-cı idi. Millinin bayraqdarı cüdoçu Rüstəm Orucov oldu. Onu yığmamızın şef-de-missionu Anar Bağırov, olimpiyaçılar və rəsmi şəxslər müşayiət etdilər.
Sonra açılış mərasiminin bədii hissəsi başladı. Belarusun tarixi şəxsiyyətləri və tarixini əks etdirən kompozisiyalar izləyicilərin marağına səbəb oldu. Bu ölkənin müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlərinin tanıtım videoçarxı yayımlandı. Mərasimdə BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra olimpiya çempionlarının iştirakı ilə Avropa olimpiya komitəsinin bayrağı gətirilərək “Dinamo arena”da qaldırıldı.
AOK-un prezidenti Yanes Kosyançiç çıxış edərək bildirdi ki, bu irimiqyaslı idman yarışında 50 ölkə iştirak edirlər. İlk Avropa oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan qonaq idmançılara uğurlar arzulayıb. Konsert zamanı tanınmış musiqiçilər – Rusiyanın Xalq artisti Anna Netrebkonun (soprano) və Azərbaycanın Əməkdar artisti Yusif Eyvazovun (tenor) ifaları böyük maraqla qarşılandı.
Daha sonra Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edərək, bütün avropalıların idman bayramı olduğunu söylədi. Bildirdi ki, tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirən ölkə başçısı 2-ci qitə oyunlarında iştirakçılara uğurlar arzuladı. Sonra prezident olimpiadanı açıq elan etdi. Açılış mərasiminin sonunda olimpiya məşəli yandırıldı və atəşfəşanlıq oldu.
İyunun 30-dək davam edəcək yarışda 4 mindən çox idmançı mübarizəyə qoşulub. İdmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. Bizimkilər 82 idmançı ilə 11 idman növündə təmsil olunur. Minck-2019-a 3 min könüllü cəlb olunub.
Kamran HACI, Minsk