- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Yola saldığımız il gənclər və idman sahəsində ölkəmiz üçün uğurlu il olub”. Allsport.az xəbər verir ki, bu sözləri dekabrın 25-də 2015-ci ilin idman yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan cari ildə “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə beynəlxalq arenada diqqət mərkəzinə çevrildi. Ümumilikdə 20 idman növü üzrə keçirilən Oyunlarda Azərbaycan 291 idmançı ilə təmsil olundu və 56 medal qazanmaqla ümumi komanda hesabında ikinci oldu. “Bakı-2015”in mərasimləri və idman yarışlarına tamaşaçılar tərəfindən 650 mindən artıq bilet alınmışdı.
Gələn il ölkəmizdə “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı və Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyini diqqətə çatdıran nazir atletlərimizin “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlarda uğurla çıxış etdiyini bildirib.
Azad Rəhimov qeyd edib ki, Londonda keçirilən Olimpiya Oyunlarında Azərbaycan 53 idmançı ilə təmsil olunmuşdu. Gələn il təşkil olunacaq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına indiyədək 29 lisenziya qazanılıb. Atletlərimiz planetin mötəbər yarışına 50-dən artıq lisenziya əldə edə bilərlər. İlin əvvəlində Olimpiya Oyunlarına hazırlıqla bağlı görüş keçiriləcək. Həmin görüşdə lisenziya qazanmaq ehtimalı yüksək olan idman növləri barədə müzakirələr aparılacaq, bu istiqamətdə təlimatlar veriləcək. Braziliyada da ölkəmizin geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacağını diqqətə çatdıran nazir atletlərimizin Olimpiya Oyunlarına hazırlığı üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb.
Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 823 medal qazanıblar. Bu medallardan 321-i qızıl, 222-si gümüş, 280-i isə bürüncdür. 2015-ci ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 46 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib. Xarici ölkələrdə keçirilmiş 196 beynəlxalq turnirdə yığma komandalarımızın iştirakı təmin olunub. Müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışında iştirak ediblər. Təlim-məşq toplanışlarından 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə təşkil olunub. Bu hazırlıq proseslərində ümumilikdə 6 min idmançı iştirak edib.
Nazir deyib: “Bu il Azərbaycanda gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Bunlardan 76-sı yerli, 15-i isə beynəlxalq səviyyəli tədbir olub. 199 gənc xarici ölkələrə ezam edilib. Həmçinin 771 əcnəbi gənc Azərbaycana səfər edib. İl ərzində elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 gənc “Gənclər üçün Prezident mükafatı” ilə təltif edilib. Eyni zamanda, 17 istedadlı və yaradıcı gənc, 9 qeyri-hökumət təşkilatı və 4 tələbə gənclər təşkilatı Gənclər və İdman Nazirliyinin mükafatlarına layiq görülüb”.
Sonda jurnalistlərin sualları cavablandırılıb.