İlk frankofon mətbuatda Bakı-2015-ə hazırlıqdan bəhs edən məqalə dərc olunub

Dünyanın  beynəlxalq idman hərəkatına həsr olunan ilk frankofon mətbuatda Bakı-2015 ilə bağlı “Avropa Oyunları  50-dən artıq ölkəyə yayımlanacaq” sərlövhəli məqalə dərc olunub. Allsport.az saytı Azərtac-a istinadən xəbər verir ki,  yazıda martın 4-də ilk Avropa Oyunlarının açılışına 100 gün qalmasının paytaxtımızda  təntənəli şəkildə bayram ediləcəyi diqqətə çatdırılıb. Bayram tədbiri ərəfəsində ölkəmizə səfər edən Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyası üzvlərinin Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasından razı qaldıqları xüsusi vurğulanıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Marinin beynəlxalq əhəmiyyət daşıyan bu tədbirə hazırlıqla əlaqədar geniş müsahibə verib.Müsahibədə müxbirin  “Bakı-2015” Avropa Oyunlarının Amerika Birləşmiş Ştatlarında və Kanadada yayımlanması ilə bağlı  bir qədər əvvəl razılıq sənədi imzalandığına və Oyunların Avropa qitəsinin hüdudlarından kənarda yayımlanacağı barədə sualına cavabında Uilyam-Lui Mari bildirib ki, Bakıda keçiriləcək Avropa Oyunları dünya ictimaiyyəti arasında böyük marağa səbəb olub. Bir çox ölkələr Oyunların gedişini izləmək üçün bizə müraciət edib.  ABŞ və Kanada ilə artıq  razılıq əldə olunub və hər iki ölkə Oyunların yayımlanmasına dair sənədə imza atıb. Çin, Şimali Afrika, Yaxın Şərq ölkələrinin müraciətləri də müsbət qarşılanıb və bununla bağlı razılıq əldə edilib. İndiyədək Oyunların birbaşa  yayımlanması ilə bağlı artıq 50 ölkə ilə rəsmi razılıq əldə olunub və gələcəkdə bir çox ölkələrin də müraciəti gözlənilir. Ümumilikdə, 150 milyondan çox insan Avropa Oyunlarının gedişini televiziyadan izləmək imkanı əldə edəcək.

1-ci Avropa Oyunları ilə bağlı əsas işlərin yekunlaşdığını bildirən kommunikasiya şöbəsinin direktoru yarışların dünyada böyük əks-səda doğuracağına əminliyini ifadə edib və Oyunların gedişini işıqlandırmaq üçün  çoxlu sayda KİV nümayəndəsinin Azərbaycana gələcəklərini, yaxın günlərdə yeni veb-saytın fəaliyyətə başlayacağını deyib.

Müsahibədə Avropa Oyunları ilə bağlı reklam kampaniyasına  mart ayının sonlarında start veriləcəyi bildirilib.
Uilyam Lui-Mari Avropa Oyunlarının gedişini izləmək istəyən xarici vətəndaşların və turistlərin Azərbaycana səfərlərini asanlaşdırmaq məqsədilə viza rejiminin sadələşdirildiyini, onlar üçün hər cür şərait yaradıldığını vurğulayıb. O, birinci Avropa Oyunlarından sonra Bakının “Formula-1 Qran-Pri” yarışlarına, İslam Həmrəylik Oyunlarına və 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir neçə oyununa da uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Həmin kateqoriyadan