“Qarabağ” və “Qəbələ”dən növbəti cəhd

Bu gün Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ”la “Qəbələ” də qrupdakı növbəti oyununa çıxacaq.

“Qarabağ” doğma meydanda Fransanın “Monako” klubu ilə qarşılaşacaq. “Qəbələ” isə səfərdə Almaniyanın “Borussiya” (Dortmund) klubunun qonağı olacaq. Futbolsevərlərin diqqəti öncə Bakıdakı görüşə yönələcək. 20:00-da start götürəcək bu oyun bitəndən az sonra, 22:00-da da Qəbələ klubunun Almaniya nəhəngi ilə dueli start götürəcək.

Xatırladaq ki, son Azərbaycan çempionu “Qarabağ” bu mövsüm Avropa macərasına UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlamışdı. Ağdam klubu Çernoqoriyanın “Rudar” klubu ilə Bakıdakı görüşdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 1:0 hesablı qələbə sayəsində tur adlamışdı. ÇL-in üçüncü təsnifat mərhələsində isə Qurban Qurbanovun komandası Şotlandiyanın “Seltik” klubuna uduzaraq (səfərdə 0:1, evdə 0:0) Avroliqanın pley-offunda mübarizə aparmaq məcburiyyətində qalmışdı. Bu mərhələdə İsveçrə “Yanq Boyz”una həm səfərdə (1:0), həm də doğma meydanda (3:0) qalib gələn təmsilçimiz tarixində ikinci dəfə bu turnirin qrupuna vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin ilk turunda İngiltərə “Tottenhem”i ilə qarşılaşan ağdamlılar həmin görüşdə məğlubiyyətlə üzləşsə də (1:3), doğma meydanda Belçika “Anderlext”inə qalib gəlmişdi – 1:0. Elə bu gün qarşılaşacağı rəqiblə – “Monako”yla səfər oyunu isə 0:1 hesablı məğlubiyyətlə nəticələnmişdi.

Premyer Liqanın son mövsümünün bürünc mükafatçısı olan “Qəbələ” isə Avroliqanın ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulmuşdu. Bölgə təmsilçisi birinci təsnifat mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olmuşdu (səfərdə 1:2, evdə 2:0). İkinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” (səfərdə 0:1, evdə 2:0) klubunu mübarizədən kənarlaşdıran komandamız daha sonra Kipr “Apollon”una gücünü göstərmişdi (səfərdə 1:1, evdə 1:0). Pley-offda isə Roman Qriqorçukun çalışdırdığı kollektiv Yunanıstan nəhəngi “Panatinaikos”u yolundan kənarlaşdıraraq (evdə 0:0, səfərdə 2:2) tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı. Bölgə təmsilçisi qrup mərhələsindəki ilk oyununda da qənaətbəxş nəticə əldə etmişdi – Yunanıstan PAOK-u ilə doğma meydanda qolsuz bərabərliyə imza atmışdı. Lakin ikinci turda Rusiya “Krasnodar”ı ilə qarşılaşma təmsilçimiz üçün uğursuz başa çatdı – 1:2. “Borussiya” ilə bir müddət öncə Bakıda baş tutan oyunda da qəbələlilər meydanı məğlub tərk etdilər – 1:3.

Təmsilçilərimizin hər iki rəqibi ciddi komandalardır və “Qarabağ”la “Qəbələ”nin uğur qazanması çox çətin olacaq. Qəbələlilərin rəqib meydanında hətta heç-heçə etməsi də günün ən böyük sensasiyalarından sayıla bilər. Amma “Qarabağ”dan daha çox şey gözlənilir. Qrupdan çıxmaq yolunda Qurbanovun futbolçuları “Monako” ilə ev oyunundan mütləq qələbə ilə ayrılmalıdırlar. Əks halda, “Qəbələ” kimi, “Qarabağ”ın da qrupdan çıxmaq şansları minimuma enəcək.

Yeri gəlmişkən bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın təsnifat mərhələsindəki hər bir qələbəsi ölkəmizə 0.250, heç-heçə isə 0.125 reytinq xalı qazandırırdısa, qrup mərhələsində müvafiq olaraq 0.500 və 0.250 xal qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədədir və hesabında 14.375 reytinq xalı var ki, onun da 3.875 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.500, “Qəbələ” – 1.375, “İnter” – 0.750, “Neftçi” – 0.250). Ümid edək ki, bu gün keçiriləcək oyunlarda xal ehtiyatımızı daha da yaxılaşdıra biləcəyik.

Ayrıca götürsək, “Qarabağ” 12.375 xalla klub sıralamasında Avropanın 135-ci, “Qəbələ” isə 5.125 reytinq xalı ilə 254-cü komandasıdır. Rəqiblərə gəlincə, “Borussiya” 96.064 xalla 9-cu, “Monako” da 34.449 xalla 56-cıdır.

Bu gün təmsilçilərimizin yer aldığı qruplarda başqa oyunlar da baş tutacaq. “Qəbələ”nin qrupunda “Krasnodar” doğma meydanda PAOK-u qəbul edəcək. “Qarabağ”ın yer aldığı qrupda isə “Anderlext” səfərdə “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi
4-cü tur
5 noyabr

J qrupu

20:00. “Qarabağ” – “Monako”
Baş hakim: Kristian Balay (Rumıniya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

C qrupu

22:00. “Borussiya” – “Qəbələ”
Baş hakim: Sebastyen Delferyer (Belçika)
Dortmund. “Siqnal İduna Park”.

Həmin kateqoriyadan