4 boksçu 1/4 finalda

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan yığmasının daha 4 idmançısı 1/4 finala yüksəlib.

Şahin Aslanov (60 kq) Demid Kloçkonu (İsrail) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşünü dekabrın 14-də İvaylo Kolevə (Bolqarıstan) qarşı keçirəcək.

Adil Zalov (70 kq) da Avropa çempionatında qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Hakan Arda İlgündən (Türkiyə) güclü olub – 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28). Zalov dekabrın 13-də Oskar Muszakovski (Polşa) ilə üz-üzə gələcək.

Gülər Hüseynova (48 kq) Oleksandra Mişçenkoya (Ukrayna) heç bir imkan verməyib. Hər 3 raundu aktivinə yazan milli üzvü yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. O, dekabrın 14-də 1/4 finalda Maria Spennato (İtaliya) ilə döyüşəcək.

Fidan Bakarova (63 kq) isə Antonina Binieçkanı (Polşa) mübarizədən kənarlaşdırıb – 3:2 (29:26, 28:27, 29:26, 27:28, 27:28). O da dekabrın 14-də növbəti görüşünə çıxacaq. Bakarova Rihanna Holdenlə (İngiltərə) qüvvəsini sınayacaq.

Avropa çempionatına dekabrın 17-də yekun vurulacaq.

Həmin kateqoriyadan