- Baxış sayı: 81
- 25 Noyabr 2025 19:58
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

“Adriatik dənizinin sahilləri: şiddətli küləklər, amansız fırtınalar ölkəsi. İndi bu uzaq sahillərdə başqa bir fırtına gurlayır. Bu amansız fırtına ailələr dağıtmış, evləri xarababazarlığa çevirmiş. İndi Triest şəhərinin küçələrində insan izi qalmamış, çoxları öz evini tərk edib dağlara çəkilmişdir. Budur onlar – bu cəsur adamlar ana torpaqlarının faşist işğalçılarının ayaqları altına tapdanmasını istəmirlər. Bunlar yuqaslav, italyanlar, rus və macarlar, çex və bolqarlar, alban və slovaklar, fransız və ispanlardır. Dil ayrı, adət ayrı olsa da, onları birləşdirən bir arzu, bir məqsəddir. Bunların arasında olan bir gənc uzaq Xəzər sahillərindən gəlmiş azərbaycanlı Mehdi Hüseynzadədir…” Mənim bugünkü söhbətim sırf öz “partizanlar”ımızdan olacaq. Baş qəhrəmanım da Ramin Musayevdir. Niyə məhz o? Çünki çox keşməkeşli həyat yaşayıb: hərbi xidmətdə Moskvada olub, 1-ci Qarabağ savaşında iştirak edib, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsində çalışıb, OMON hadisələrinə görə məhbəsə düşüb; sonra tale onu idmana bağlayıb, “Neftçi” futbol klubunda vitse-prezident kimi “Birlik kuboku”nda Ermənistan “Pünik”i üzərində tarixi qələbə ilə yadda qalıb, AFFA-nın daxilində yaradılan PFL-ə prezident seçilib, ölkə çempionatının inkişafı yolunda böyük işlər görüb, bu qurumdan ayrıldığı 3 il müddətində çox şeyə şahidlik edib, nankorluqlarına görə çox adamdan inciyib və daha nələr-nələr…
Görüşümüz təsadüfi alındı. Ramin Musayevin hərbi xidmət yoldaşı Ruzbeh Vəliyev ilə arada danışır, müxtəlif mövzularda fikir mübadiləsi aparır, bəzi məclislərdə qarşılaşırıq. O, cüdo idman növü ilə ilk məşğul olanlardan, bu sahədə adlı-sanlı mütəxəssislərindəndir. Ata tərəfdən ramanalı, ana tərəfdən dağlıdır; idman camiyəsində bir neçə məşhur qohumu var. 1994-2010-cu illərdə MOİK-də yüksək vəzifələrə rəhbərlik edib, düzgün və təmiz adam kimi ad çıxarıb. 1-ci Qarabağ savaşında müdafiə nazirliyi kəşfiyyat idarəsinin rəis müavini Riyad Əhmədovun dəstəsində 1992-ci ildə Daşaltı əməliyyatında iştirak edib (çox güman, həmin savaşda itkin düşən yaşadığım dalanda qonşum Həmid Cəbrayılov vardı), 772 saylı “Beynəlmiləl” könüllü batalyonunda döyüşüb. Ruzbeh müəllim idman ictimaiyyətində sözünü deyən, ədalətli, vicdanlı və dürüst insan olaraq tanınır. O da Ramin Musayev kimi köhnə kişilərdəndir: qadın xeylağına baxmaz, kişi olmayan evə girməz, dosta xəyanət etməz, böyük-kiçik yerini bilər, haqqın yanında olar, yaxşılıq edər, çörək verər, vətəni sidq ürəkdən sevər, qabiliyyət, qanacaq, ədəb-ərkan göstərər. İndi belələri barmaqla sayılası qədərdir. Son söhbətimizdə (türkçülüklə bağlı xeyli müzakirə-mübahisə getdi) məlum oldu ki, əsgərlik dostlarıyla yığışıb 40-illiyi qeyd edəcəklər və orada Ramin Musayev də olacaq. Dedim, mən də həmin toplantıya qoşulmaq istəyirəm – həm sizləri görər, həm də keçmiş xatirələrinizə qulaq asaram.

Maraqlananların nəzərinizə çatdırım ki, “partizanlar” hər il 18 noyabrda və 5 dekabrda yığışırlar. Səbəbkar, ya Ruzbek müəllim olur, ya da Qorxmaz adlı digər əsgər yoldaşları. Bu dəfə onlar “Koala” bağında əyləncə qurğularının arxasında taxtadan tikilən restoranın 2-ci mərtəbəsində toplaşmışdılar. Məkan – Vəliyevin tələbəsinin idi. Sözü gedən azərbaycanlı çağırışçılar 1985-ci ildə Moskvada, Priobrejanskaya meydanında yerləşən 6549 və 7456 saylı hərbi hissələrdə qulluq ediblər. Adı ilk çəkilən mühafizə polku, digəri yük maşını karvanın və həmin civarda olan hərbi obyektlərin təhlükəsizliyinə cavabdeh idi. Bu məkanda vaxtikən el arasında “NKVD” kimi tanınan SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanı – Xalq Daxili İşlər Komissarlığı fəaliyyət göstərib. Onun sədri Lavrenti Beriya olub. Bəzi mənbələrə görə, o və yaxın dostu Mircəfər Bağırov (1933–1953-cü illərdə Azərbaycanda mərkəzi komitənin 1-ci katibi) Müsavat hökumətinin əks-kəşfiyyatında çalışmış, AXC parlamentinin üzvü Əli bəy Zizikskinin başçılığı ilə Qubada əks-inqilabla mübarizə təşkilatında yer almışlar.

Ramin Musayev və Ruzbeh Vəliyev (1985)
Mənimlə üzbəüz əyləşən Aydın Talıbov bakılı idi, iş adamı. Danışdı ki, 28 may SSRİ-də Sərhəd qoşunları günü kimi qeyd olunurdu. 1987-ci ilin məhz həmin günündə sovet sərhədinin ən qalmaqallı pozuntusu baş verib. Qərbi Almaniyanın 19 yaşlı sakini Matias Rust “Cessna 172” təyyarəsi ilə Estoniya ərazisindən SSRİ sərhədini pozub və 800 kilometrə qədər uçaraq Moskvanın mərkəzində yerə enib. O zaman prosesə nəzarəti onlar həyata keçiriblər. Yanımda əyləşən yoldaş əlavə etdi ki, pilot təyyarədən enmirdi, çünki düşsəydi sovet qanunlarını pozmuş olacaqdı. Təyyarədə isə AFR vətəndaşı sayılırdı. Məlum oldu ki, sonradan onu hansısa yolla səfirliyə aparıblar.
Söhbət əsanasında Ramin Musayevin gözü nadir avtomobil hissəsinə sataşdı. Yanılmıramsa, “Renc Rover”in idi. Detala baxılan zaman ətrafa nəzər yetirib əlavə etdim ki, otaq avtomobillərlə əlaqəli tərtibatda qurulub. Çünki yuxarı hissələr əcnəbi maşınların nömrələri ilə doluydu. Birdən keçmiş PFL prezidentinin gözü biz tərəfdə tavan hissədə vurulan rəqəmlərə sataşdı: 1949. Bu sıralama, onun “Opel Kapitan” markalı əntiq avtomobilinin nömrəsi olub. Yanında əyləşdiyi ən yaxın əsgər yoldaşına dedi ki, onu necə əldə etmək olar? Ruzbeh müəllim tələbəsini çağırdı. Adı Orxan idi. Soruşdu ki, o nömrəni almaq istəyirlər. Restoran sahibi bildirdi ki, qonağa peşkəşdir. Sonra onun Ramin Musayevlə dialoqu oldu. Söylədi ki, bura çox futbol adamı gəlir və hamısı da keçmiş PFL prezidentindən razılığını ifadə ediblər. Həm Ramin müəllimin, həm də digərlərinin üzləri güldü, məmnun qaldılar. Axı tərifdə hər kəsin payı vardı: Dostunu göstər, deyim sən kimsən.

Ramin Musayev və Ruzbeh Vəliyev (2025)
Məndən solda əyləşən Elçin Rüstemli də şəhər adamı idi. O da əvvəllər cüdoçu olub. Ümumən, oradakıların əksəri bakılılar, paytaxt ziyalıları idi. Hərə bir maraqlı xatirəsini bölüşürdü. Mən dinləyir, özümdə qeydlərimi aparırdım. Musayev keçmiş xidmətlərindən söz açdı. Zatən hər kəs onu millətçi, vətənpərvər kimi tanıyır. Bildirdi ki, 2-ci Qarabağ savaşında qələbədə o da pay sahibi olub. Təfərrüatı tam açıqlamaq istəməzdim. Elə söhbətlər vardı, elə orda qalmalıydı. Ramin müəllimin özü ilə təkbətək görüşüm oldu. Xeyli danışdıq, ölkə futbolunu müzakirə etdik. Məlum oldu ki, Borçalıda qarapapaq türklərindən, bir tərəfi məşhur soya söykənir. Emin Acalov 1918-ci ildə Borçalı Qarapapaq Türk Cümhuriyyətinin başçısı və 1919-cu ildə Cənub-Qərbi Qafqaz Türk Respublikasının dövlət rəhbəri olub. Ondan sonra bu nəsildə idarəçilik İsrafil ağaya keçib, Ramin Musayevin babasına. O, əmisi oğlu Emin ağa ilə birlikdə Azərbaycana köməyə gedən Nuru paşanı Ərdahanda qarşılayaraq, doğma kəndi Kəpənəkçiyə gətirir. Osmanlı sərkərdəsi İsrafil bəyə çoxlu silah sursat və 200 tüfəng verdikdən sonra, Borçalı bəyləri onu Qazaxa qədər müşayət edirlər. Müxtəlif yerlərdə türklərə qarşı kütləvi qətliamlar törədən Andronik və general Nəzərbekyan 800 erməni daşnak silahlısı ilə gizlincə Azərbaycandan Ermənistana, oradan isə Borçalıda yerləşən ən böyük erməni yaşayış məntəqəsi olan Xaçına gəlirlər. Düşmənin bu gizli məkirli planından çoxdan xəbər tutan İsrafil bəy öz tədbirini çoxdan görərək, dəstəsi ilə erməniləri darmadağın edib. Andronik canını 3-4 nəfərlə güclə qurtarıb qaçıb.
Hardasa, 5 saatdan çox 40 ilin əsgər yoldaşları ilə bir yerdə oldum, maraqlı və məzəli söhbətlərə çahidlik edim. Ləhcələri, doğulduqları kənd, qəsəbə, şəhər ayrı, adət ayrı olsa da, onları birləşdirən bir arzu, bir məqsəd – möhkəm dostluqdur. İndi onların müstəqil Vətənləri var, hərəsinin də bir işi, mənsəbi. Həyatdan çox şey götürüblər. Təcrübələrini paylaşmaqda paxıllıq etmirlər. Tanımadıqlarımın da hər biri məndə xoş ovqat yaratdı. Çöldə həmişəki kimi əsl yaz təravəti vardı. Yumşaq hava ruhu dincəldirdi. Hər biri ilə görüşüb ayrıldım. Yenidən görüşmək ümidi ilə…
Kamran HACI
Yeni dövrün şəkilləri müəllifindir