Qadın voleybolu üzrə Avro-2017-nin püşkü atılıb

Noyabrın 24-də Heydər Əliyev Mərkəzində 2017-ci ildə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, yarışın ölkəmiz üzrə təşkilat komitəsinin sədri Yaqub Eyyubov Odlar yurdunun mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsindən, voleybolun inkişafından danışıb. O bildirib ki, Avropa Voleybol Konfederasiyasının bu ilin sentyabrında keçirilən toplantısında idmanın bu növü üzrə Avropa çempionatının final mərhələsində üç qrupun oyunlarının, eləcə də yarımfinal və final qarşılaşmalarının Azərbaycanda, bir qrupun və dörddəbir final mərhələsinin görüşlərinin isə Gürcüstanda təşkilinə qərar verilib. Bu, Azərbaycanda həyata keçirilən idman siyasətinin daha bir parlaq qələbəsidir və beynəlxalq qurumlar tərəfindən ölkəmizə verilən növbəti yüksək qiymətdir.

Çıxışlardan sonra final mərhələsinin püşkatması keçirilib. Nəticələrə görə, Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar.

Çempionata ev sahibliyi edən Azərbaycan və Gürcüstan, həmçinin Avro-2015-in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çex Respublikası, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

Həmin kateqoriyadan