8 il əvvəlki tarix – Lənkəranın “Zirvə”si

8 il əvvəl – 2006-cı il noyabrın 17-də “Zirvə” İdman Klubunun Lənkərandakı ağır atletika kompleksinin açılışı baş tutub. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, həmin gün Azərbaycan ağırlıqqaldırması tarixində böyük əhəmiyyət daşıyır. Çünki məhz həmin zaldan bir çox məşhur idmançıları yetişib, uğurlar qazanıb.

Ümumiyyətlə, Lənkəran ağır atletika məktəbi çox güclü idmançılar, mütəxəsisslər yetişdirib. Bu şəhərin və ümumi cənub zonasının böyük idman ənənələri vardır. Mirsayad Əbilov, Mikayıl Abbasov və başqa məşqçilərin yetirmələri olan Tofiq Heydərov, Mirzağa Qasımov, Rasim Orucov, Əlövsət Orucov, Məmməd Məmmədov, Anar Qasımov, Əli Cavadov, Teymur Əliquliyev, İsmayıl Tahirov yeni nəsil atletlərin yetişməsində böyük rol oynayıblar. Daha sonra Aqşin və Turan Mirzəyevlər, bir qədər sonra Rövşən Fətullayev kimi çempionlar nümunə kimi başqalarına göstərilə bilər.

Yetişməsində bilavasitə Lənkərandakı Zirvə Kompleksinin rolu olan ağır atletlərin də sayı çoxdur. Yeniyetmələr arasında Avropa çempionları Paşa İbrahimli və Rüstəm İmanzadə, yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı Azər Məmmədli, yeniyetmələr arasında Avropa çempionatlarının ikiqat bürünc mükafatçısı Elxan Əliquluzadə, onun qardaşları Orxan və Kənan, həmçinin bir çox başqaları məhz bu zaldakı yarışlar və çalışmalar hesabına uğura nail olublar. “Zirvə” İdman Klubun rəhbərliyi tərəfindən yaradılan bu şərait gələcək çempionların yetişməsində əvəzsiz rol oynayır.

Hər iki aydan bir yüzlərlə ağır atletin iştirak etdiyi zona yarışlarında maraqlı mübarizə yaşanır, böyük rəqabətdən güclü idmançılar yetişir. Kompleksdə çalışan 5 ağır atletika məşqçisinin yetirmələri istər regional, istər Respublika, istərsə də beynəlxalq arenada bacarıqlarının nümayiş etdirirlər. Qidalanma, yatma, məşq, yarış üçün lazımi şəraitin olması, gərək olduğu zaman təmir edilərək daha yaxşı şəraitin yaradılması idmançılara verilən dəyərin göstəricisidir.

Üzgüçülük hovuzu, oyun zalları olan Kompleksdə ağır atletika ilə yanaşı futbol, cüdo, fitness və başqa idman növləri üzrə məşqlər keçilir ki, bu da Lənkəran şəhərinin ürəyinin idmanla döyünməsinə imkan verir. Qonaqlar və idmançılara kompleks xidmət göstərən “Zirvə”nin gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün hər cür şəraiti vardır.

Kompleksin direktoru, ağır atletika üzrə idman ustalığına namizəd Mikayıl Abbasov “Zirvə”nin ilk günlərindən onunla birlikdədir. O, 8 il əvvəlki açılışı da, orada keçirilən bütün yarışları da yaxşı xatırlayır: “Bu kompleksin açılışı çox böyük hadisə idi. Keçən zaman göstərdi ki, klubun prezidenti Tofiq Heydərov bu zalı tikməklə düzgün addım atıb. İlk yarışımız yay zalında keçirildi. ən aşağı yaşlı uşaqlar körpücük üzərinə çıxdı. Ovaxta qədər Azərbaycanda belə yaxşı yarışlar keçirilməmişdi. Bütün ölkəyə nümunə olacaq turnir keçirildi, hamı bizdən danışdı, yaddaqalan məqamlar yaşandı.

Özüm də ağır atlet olmuşam. Biz də hamı kimi ştanqın səsinə, bu idman növünün sehrinə vurğunuq. Burada görülən işlər, keçirilən yarışlar hamımız üçün böyük zövqdür. Bəli, çətinliklərimiz də olur, ancaq yetirmələrimizin qazandığı hər uğur bizə bunları unutdurur. Kompleksimizdən bu 8 ildə bir neçə Avropa və dünya çempionatlarının mükafatçısı çıxıb. Bununla fəxr edir, qürur duyuruq. Bu, o deməkdir ki, biz işlərimizi düz qurmuşuq. Lənkərandakı “Zirvə” İdman Klubu şəhərdə hamının tanıdığı, can atdığı bir yerdir. Mənim özümə də istər tələbələrim, istərsə də qonaqlar böyük hörmətlə yanaşırlar. Bütün bunlarda klubumuzun prezidenti Tofiq Heydərovun əvəzolunmaz rolu var. Ona təşəkkür edir, minnətdarlığımı bildirirəm”.

 

Həmin kateqoriyadan