AAAF kollektivi uşaq evini ziyarət edib

Azərbaycan Ağır Atletika Federasiyası cari işlərlə yanaşı, müxtəlif sosial layihələri həyata keçirməyə də çalışır. Allsport.az saytı xəbər verir ki, onlardan biri də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə ziyarət idi. Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının qalib və mükafatçıları, digər gənc və yeniyetmə medalçı atletlərimiz, AAAF-ın baş katibi Rizvan Rəsulov, Rəyasət Heyətinin üzvü Rəşad Əliyev və federasiyanın digər nümayəndələri bu Mərkəzə yollanaraq xüsusi bayram təşkil ediblər.
İlk olaraq direktor Validə Abbasova qonaqları Birliklə tanış edib. O, buradakı idman, massaj, psixoloq, loqoped köməyi üçün ayrılmış otaqlar, sensoroterapiya, yemək, yataq və digər otaqları nümayiş etdirərək funksionallıqları, xüsusi üstünlükləri barədə geniş məlumat verib. Uşaqların böyük həssaslıq və bacarıqla yerinə yetirdikləri əl işləri nümayiş etdirilib, həm onların, həm də Birliyin təltif olunduqları diplom və sertifikatlar üçün ayrılan guşələrə baş çəkilib. Uşaq, böyük və cəmiyyət arasında yeni münasibətlər qurmaqla xüsusi ehtiyaclı uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına şərait yaratmaq üçün ideal məkan olan bu Mərkəzdə görülən işlər böyük rəğbətlə qarşılanıb.
Konsert proqramına keçməzdən öncə Rizvan Rəsulov və Rəşad Əliyev çıxış ediblər. Onlar ölkəmizdə insanların rifahı, gələcək nəslin sağlam yetişməsi, həyatda uğur qazanması üçün böyük işlər görüldüyünü qeyd edib, AAAF olaraq bu xeyirxah fəaliyyətlərə qoşulmaqdan qürur hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, federasiya belə tədbirləri mütəmadi etmək, fiziki məhdudiyyətli, həmçinin köməyə ehtiyacı olan bütün uşaqları cəmiyyətə qazandırmaq, zirvələri fəth etməsinə yardımçı olmaq üçün bu cür addımlar atmaq niyyətindədir. Hədəfləri əlilliyi olan uşaqlar və onların ailələri olan Mərkəzin direktoru Validə Abbasova da danışaraq, belə diqqət və qayğının çox vacib olduğunu, idmançıların bu Mərkəzdəki uşaqlara nümunə rolunu oynadığını vurğulayıb, xeyirxah ziyarətin gələcəkdə öz müsbət effektini verəcəyini deyib, təşəkkürünü bildirib.
Bədii hissədə xoş anlar yaşanıb. Tanınmış müğənnilər Elxan Qaraxanoğlu, Günay Şuşalı və Natiq Həziyev öz oynaq mahnıları ilə gözəl ab-hava yaradıblar. Uşaqlar doyunca oynayıb, əylənib, sevdikləri musiqi sədaları altında yaxşı vaxt keçiriblər. Mərkəzdəki uşaqların özfəaliyyət çıxışları da çox böyük maraqla qarşılanıb. Balaca rəqqasələrin musiqi nömrələri hər kəsin zövqünü oxşayıb, qürur, sevinc hissi keçirməyə səbəb olub. Onlar rəqsləri ilə əzmkarlıqları nümayiş etdirib, böyük sosial mesaj almağımız üçün yardımçı olublar.
Meyvə və şirniyyat stolu açılan 50-yə yaxın uşağın hər birinə sonda xüsusi – onların əqli, fiziki və sosial inkişafı üçün yararlı, həmçinin hədiyyələri də təqdim olunub.

Həmin kateqoriyadan