AAF-da yığıncaq

Azərbaycan ağırlıqqaldırma federasiyasında 2024-cü ilin yekunlarına dair ümumi yığıncaq keçirilib.

Allsport.az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin çıxışı ilə başlayan toplantıda yığma komandaların məşqçiləri ilə yanaşı, paytaxtın müxtəlif klub və cəmiyyətlərində, eləcə də regionlarda fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Ümumi yığıncaqda ilk olaraq ötən ilin maliyyə hesabatı dinlənilib. AAF-ın baş katibi Rizvan Rəsulov il ərzində keçirilən yarışlar, təlim-məşq toplanışları və digər tədbirlərin təşkili üçün xərclənən vəsaitlə bağlı toplantı iştirakçılarına məlumat verib.

Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov 2024-cü ildə əldə edilmiş nəticələr haqqında danışıb. Atletlərimizin dünya və Avropa miqyaslı yarışlarda uğurla iştirak etdiyini bildirən F.Umudov, idmançıların nəticələrindəki inkişaf dinamikasına diqqət çəkib. Təsadüfi deyil ki, 2024-cü ildə mükafatçılar siyahısına düşmüş atletlərimizdən 2-i İslam həmrəyliyi oyunlarında da bayrağımızı dalğalandırıb. F.Umudov bildirib ki, Ər-Riyad şəhərində keçirilən yarışda rekord sayda – 11 medalın qazanılması, federasiyanın fəaliyyətinin adekvat göstəricisidir. Ümumilikdə isə hesabat ilində milli yığma komandaların idmançıları tərəfindən ümumilikdə 38 medal əldə edilib ki, onlardan da 13-ü qızıl, 14-ü gümüş və 11-i bürünc mükafat olub. Beynəlxalq əlaqələrin qurulması istiqamətində atılan addımlardan danışan vitse-prezident, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Firdovsi Umudov 2024-cü ildə Bəhreynin paytaxtı Manamada beynəlxalq ağırlıqqaldırma federasiyasının icraiyyə komitəsinin iclasında Azərbaycan idmanı üçün tarixi qərarın qəbul edildiyini xatırladıb. O bildirib ki, hesabat ilində ölkəmiz Avropa ağırlıqqaldırma mərkəzi statusuna sahib oldu və mərkəzin ilk tədbiri – beynəlxalq məşqçi vebinarı bu il uğurla təşkil edildi.

Hesabatlar təqdim edildikdən sonra AAF prezidenti Kamran Nəbizadə yekun nitqi ilə çıxış edib. Əldə edilmiş nailiyyətlərə əsasən 2024-cü ili uğurlu adlandıran federasiya rəhbəri qeyd edib ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün daha çox səy göstərilməlidir. O bildirib ki, ağırlıqqaldırma növünün və ümumilikdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Gənclər və idman nazirliyi tərəfindən yığma komandalarımızın yarışlara hazırlığı və turnirlərdə iştirakına hər cür dəstək verilir. Bundan sonra əsas məqsəd idmançıların inkişafına nail olmaq və qarşıdan gələn yay olimpiya oyunlarına lisenziya qazanmaqdır.
Ümumi yığıncağın gündəliyində olan digər məsələ AAF-ın yeni nizamnaməsinin təsdiqi olub. Nizamnamə açıq səsvermə yolu ilə, yekdilliklə qəbul edilib. Toplantının sonunda məşqçilərin təklifləri dinlənilib.

Həmin kateqoriyadan