- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Avrokuboklar mövsümü bizim üçün başa çatdı”. Bir neçə il əvvələ kimi bu sözləri yay fəslində yazırdıq. Avrokuboklarda iştirak edən komandalarımız ən yaxşı halda qrup məhrələsinin həndəvərində görünürdülər. Sevindirici haldır ki, son 4 ildə 3 dəfə “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin timsalında dekabra kimi Avrokubok həyəcanı yaşadıq. Təəssüf ki, bütün hallarda komandalarımız qrupu sonuncu pillədə başa vuraraq növbəti mərhələyə çıxa bilməyiblər. Doğrudur, “Qarabağ” Avropa Liqasında çıxış etdiyi 2 mövsümdə “pley-off”a çıxma şansını son turda boşa verib. Amma bunu “Neftçi” və “Qəbələ” haqqında demək olmaz. Deməli, daha çox iş görülməli, inkişaf etməliyik.
Yazının mövzusu klublarımızın Avropa səhnəsindəki çıxışı yox, heyəti ilə bağlıdır. Məsələ burasındadır ki, həm “Neftçi”, həm də “Qarabağ” qrup mərhələsində iştirak etdiyi zaman heyətlərində bir neçə yerli futbolçu çıxış edib. Bu da futbolçularımızın daha çox təcrübə qazanması, gələcəkdə yığma komandaya xeyirli olması deməkdir. Zira, “Qəbələ”yə bu sözləri aid etmək gülünc olardı.
Avropa Liqasının qrupp mərhələsində göstərdiyi oyun sübut etdi ki, komanda buraya heç də öz gücü ilə deyil, böyük ölçüdə bəxtin hesabına düşmüşdü. Hələ iyulun əvvəlində ilk kvalifikasiya mərhələsində Tiflis “Dinamo”su ilə qarşılaşanda komandamızın bu mərhələdə dayanacağı proqnozlaşdırılırdı. Səfərlə 1:2 hesabı ilə məğlub olan “Qəbələ” cavab oyununun son dəqiqələrində vurduğu qollarla 2:0 hesablı qələbə qazandı. Ardınca “Çukariçki”, “Apollon” və “Panatinaikos”la oyunlarda da bəxtimiz az gətirmədi. Futbolda bəxt amili böyük rol oynayır. Bununla Qəbələ təmsilçisinin qrupa düşmək uğurunu aşağılamaq fikrindən uzağıq. Sadəcə, başqa məqamı diqqətinizə çatdırmaq istəyirik ki, bu haqda bir qədər sonra. Qrupda keçirdiyi 6 oyunda cəmi 2 xal toplayan “Qəbələ”nin sonuncu olacağı əvvəlcədən məlum idi. Yalnız evdə və səfərdə PAOK heç-heçə edən komanda proqnozları doğrultdu. Üstəlik…
İndi isə keçək yazının əsas məğzinə. “Qəbələ” qrup mərhələsinə kimi keçirdiyi 8 oyunda ümumilikdə 18 futbolçunun xidmətindən yararlanıb ki, onlardan 1/3-ü yerlilər idi – Ürfan Abbasov, Rəşad Sadiqov, Cavid Hüseynov, Asif Məmmədov, Samir Zərgərov, Elvin Camalov. Bəri başdan qeyd edək ki, yığmamızın üzvü Arif Daşdəmirovu yerli futbolçu kimi nəzərə almayacağıq. Çünki Arif AFFA-nın “qayğı”sı sayəsində milliləşdirilib və Azərbaycan futbolunun yetirməsi deyil. Həmin “altılıq”dan yalnız Rəşad Sadiqov bütün oyunlarda iştirak edib. Ürfan “Apollon”la oyunda aldığı qırmızı vərəqə üzündən, Cavid isə məlum hadisələr səbəbindən “Panatinoikos”la oyunları buraxıb. Samir 3 oyunda üst-üstə 136 dəqiqə meydanda olubsa, Asiflə Elvinin durumu daha acınacaqlıdır. Birinci 3 oyunda 13, ikinci isə cəmi 4-5 dəqiqə oynamaq imkanı qazanıb.
Keçək qrup mərhələsinə. Burada vəziyyət daha acınacaqlıdır. 6 oyunun 5-də “Qəbələ”nin start heyətində 1 nəfər də olsun azərbaycanlı futbolçu olmayıb. Yalnız PAOK-la səfər oyununda baş məşqçi Roman Qriqorçuk Samir Zərgərovla Rəşad Sadiqovu ilk “11-lik”də oyuna buraxıb ki, hər ikisi də matçın sonuna kimi ukraynalı məşqçinin “sevimliləri” ilə əvəzlənib. Ürfan Abbasov və Asif Məmmədov qrup mərhələsinin oyunlarında iştirak etməyiblər. Burada ən çox oyun keçirən Samir Zərgərov və Rəşad Sadiqov olublar – uyğun olaraq 6 və 4 oyun. Amma Zərgərovun PAOK-la 2-ci oyunu çıxmaq şərtilə qalan 5 oyunda meydanda olduğu dəqiqələri toplasaq, güc-bəla ilə 1 hissə edir. Elvin Camalov 2 oyunda 17, Vaqif Cavadov isə 1 oyunda 13 dəqiqə forma geyinmək şansı qazanıb. Vəssəlam.
Bu ilki avrokuboklar mövsümündə “Qəbələ” 14 oyun keçirib – 3 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət. Ümumi götürəndə yaxşı göstəricidir. Kaş ki, yayda sərgilədiyi oyunu qrup mərhələsində də göstərərdi. Təəssüf ki, son vaxtlar Qəbələ təmsilçisində zəifləmə hiss olunur. Premyer Liqadakı nəticələri də nəzərə alsaq, fikrimizin doğruluğunu sübut etmiş olarıq.
İndi özünüz qərar verin – “Qəbələ”nin qrup mərhələsinə düşməsi futbolumuza ölkəmiz adına qazanılan xallardan savayı nəsə xeyir verdi? Demək olar ki, yox. Əgər təbliğat, Azərbaycan futbolunu tanıtmaq baxımından xeyir verdiyini düşünürsünüzsə… Belə təbliğat, xeyir bizə yaraşmaz.
Bir vaxtlar Bakı “İnter”i Avropa Liqasının oyunlarına ilk “11-lik”də legionerlərlə çıxanda Kaxa Sxadadzeni qınayırdıq. Ki, yerli futbolçulara oynamağa imkan vermir. Məhz bu gedişlə “İnter” azarkeşlərə yadlaşdı, bu kluba sözün həqiqi mənasında nifrət edənlər çoxaldı. Bir vaxtlar “İnter”in maliyyə durumu yaxşı idi, legionerlərə güvənirdi. Bu il isə pulu olmadı. Məcburən özünün uşaq futbol məktəbinin bir neçə yetirməsinin xidmətindən yararlandı. İnsafən Mirsahib Abbasov, Abbas Hüseynov, Fuad Bayramov, İlkin Sadıqov heç də pis təsir bağışlamadılar. Hətta bəzi legionerlərdən daha yaxşı oynadılar. Görəsən, “Qəbələ” nə vaxt özümüzün yetişdirdiyi, özünün yetişdirdiyi futbolçulardan yararlanacaq? Bunun üçün məgər kasıblamaq lazımdır?
İlqar Tağıyev (“Het-trik news” qəzeti)