AFFA baş katibinin süni şəkildə, məqsədli yaratdığı görüntü. Məqsəd nədir?

(əvvəli “Elxanlı Azərbaycan futbolu uçurumun dibində – 67 oyuna cəmi 8 qələbə!” başlıqlı yazıda)

AFFA-nın hesabatlarına, qurum rəsmilərinin açıqlamalarına baxanda adama elə gəlir ki, futbol dövlətin yadından çıxıb. Allsport.az saytı xəbər verir ki, bütün idman növlərinə misilsiz dövlət dəstəyinin göstərildiyi bir zamanda futbolun kənarda qalmasına təəssüflənirsən. Axı, bir nömrəli idman növünə niyə biganə münasibət göstərilsin ki? 

Əslində, AFFA-nın süni şəkildə, məqsədli yaratdığı görüntü belədir. Reallıqda son 14 ildə futbola 2-3 milyard manat sərf olunub və bütün vəsait dövlətin qayğısı sayəsində bu sahəyə yönəlib. Xüsusilə 2005-2015-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində futbol təsərrüfatımız əksər dünya ölkələrinin xəyal edəcəyi pulları görüb. İş görülməyibsə, inkişafa nail olunmayıbsa, bunun günahkarı səriştəsiz kadrlardır. Deməli, işin icrasına nəzarət edilməyib, prosesə nəzarət edənlər hansısa səbəblərdən maliyyənin havaya sovrulmasına göz yumub.

AFFA filan klubları saxlayır; AFFA filan stadionları tikdi; AFFA-nın vəsaiti hesabına idman qurğuları təmir olundu – bunlar təkcə xəbər başlıqları deyil, assosiasiya rəhbərliyi də müsahibələrində tez-tez oxşar cümlələri işlədir. Sanki AFFA pul kəsir, iş görüb, qazanc götürür və ya dünya təşkilatlarından qrant alıb, ölkə futboluna xərcləyir. Dövlətin göstərdiyi qayğı hər imkanda kiçildilir, arabir SOCAR-ın adı çəkilir, vəssalam. Halbuki… 

AFFA-nın bu ilin martında keçirilən hesabat konfransında açıqlanan rəqəmlərə baxdıqda dövlətin əslində, futbola necə dayaq durduğunu, bu sahənin inkişafı üçün hansı işləri gördüyünü əyani görürük. Belə ki, hesabat görə, 2018-ci ildə AFFA-nın büdcəsi 25 456 685 manat olub. Və bu pulun 58,24 faizi ölkə daxilindən formalaşıb. 11 milyon 50 min manat baş sponsor SOCAR-dan, qalanı da digər yerli şirkətlərdən təmin edilib. 10,6 milyon manat xaricdən büdcəyə daxil olub. Onun da əksəri heç də hansısa əməyin nəticəsi deyil, sadəcə, FIFA, UEFA müxtəlif layihələr çərçivəsində bu yardımı bütün ölkələrə edir.

Ən maraqlısı odur ki, AFFA dövlətin qayğısını hiss etdirməmək üçün bir çox maliyyə ayırmalarını gizlədir. Məsələn, stadionların saxlanılması üçün əlavə olaraq SOCAR-dan 746 950 manat ayrılıb. Bundan başqa, 2 premyer liqa və 5 divizion klubuna da 7 464 774 manat dövlət şirkəti vasitəsilə ödənilib. Deməli, dövlət futbola 11,050 milyon yox, 18 961 724 manat yönəldib. Bir neçə əlavə ödənişləri də nəzərə alsaq, AFFA-nın real büdcəsi 25,4 yox, 34,8 milyon manat olub. Bu isə ümumi büdcənin 70 faizə qədərinin məhz dövlət vəsaiti hesabına müəyyənləşdiyini göstərir. 

Futbolinfo.az-ın məlumatına görə, eyni tendensiya əvvəlki illərdə də olub. 2018, 2017 və daha əvvəlki illərin hesabatlarına baxanda oxşar mənzərənin şahidi oluruq. Məsələn, 2016-cı ildə AFFA-nın büdcəsi 23 971 739 manat kimi göstərilmişdi, baş sponsor SOCAR-ın 10 189 400 manat xərclədiyi hesabatda əksini tapmışdı. Halbuki Dövlət Neft Şirkəti 1 810 510 manatı Bakı olimpiya stadionunun, 2 507 837 manatı klubların hesabına köçürmüşdü. Bütün hallarda dövlət SOCAR vasitəsi ilə futbol büdcəsinin böyük əksəriyyətini təmin edir, amma rəsmi açıqlamalarda yalnız AFFA-nın adının çəkilməsinə şahid oluruq. Məqsəd nədir?

(davamı olacaq)

Həmin kateqoriyadan