AFFA-da mühüm dəyişikliklər: Kimlər vəzifələrindən ayrıldı?

SOCAR-ın inzibati binasında AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə “A” milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FİFA U-20 dünya çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib. Dəyişikliyə əsasən, hakimlər komitəsinin sədri Frank de Bleker bundan sonra beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.

İclasda hakimlər komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və icraiyyə komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan başqa, Zaur Axundovun AFFA icraiyyə komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

AFFA intizam komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.

Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.

Həmin kateqoriyadan