AFFA divizion klublarına lisenziya vermədi, “Keşlə” premyer liqada qaldı

Bu gün AFFA-nın inzibati binasında lisenziya komissiyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 2019/20 mövsümündə UEFA-nın klub və premyer liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış-2018) 8-ci maddəsinə əsasən aparılmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Səbail”.
 
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin: “Keşlə”.
 
3. Premyer liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Keşlə”, “Sabah”.
 
4. Premyer liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Kəpəz”, “Ağsu”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Şüvəlan”, “Zaqatala”.

Lisenziya iddiaçısı lisenziya verilməsindən imtina  haqqında bildiriş məktubu aldığı tarixindən etibarən 10 gün müddətində AFFA-nın apellyasiya komitəsinə şikayəti verə bilər.

Qeyd: UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Məlum olduğu kimi, “Səbail” premyer liqada iştirak edir və AFFA “UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, “Səbail” ilə bağlı müstəsna prosedurun tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün  prosesə başlayaraq həm AFFA, həm də “Səbail” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və yaxın günlərdə bununla bağlı  rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

Qeyd-2: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2018) 13-cü maddəsinə müvafiq olaraq, 2019-2020-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün premyer liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

P.S. Lisenziya komissiyasının bu qərarlarından belə məlum olur ki, 1-ci divizionun çempionu MOİK növbəti mövsümdə premyer liqada olmayacaq. Reqlamentə görə, elitanı tərk etməli olan “Keşlə” isə qarşıdakı mövsümdə də elitada mübarizə aparacaq.

Həmin kateqoriyadan