AFFA “Neftçi”nin məşqçisini 20 oyun cəzalandırdı və 16000 manat cərimələdi!

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra premyer liqasının 3-cü turu ilə bağlı qərarlar qəbul olunub:

“Zirə” – “Sabah” matçında “qartallar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Sumqayıt” matçının 82-ci dəqiqəsində qonaqların futbolçusu Murad Xaçayev 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.
Matçın 90+4-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivotsyuk 2-ci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.

Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 2400 manat cərimə olunub.
Görüşün 90+4-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev rəqib klubun baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə 20 oyun cəzalanıb, klubu 16000 manat cərimələnib.

“Kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında aqressiv fikir səsləndirdiyinə görə, intizam komitəsinin 28 avqust 2019-cu il tarixli iclasında onun haqqında çıxarılmış ciddi xəbardarlıq qərarı da nəzərə alınmaqla 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Neftçi” klubuna aid olan, amma “A” buraxılış vəsiqəsi olmayan şəxslər meydançaya daxil olduğu üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan