ÖZƏL
AFFA və PFL üç ildir hara baxır?

Xarici ölkələrin mətbuatında, qəzet və ya saytlarında Azərbaycan futbolu, ərazisi, adlarla bağlı yanlışlıqlara tez-tez rast gəlmək mümkündür. Klublarımızı nəinki Türkiyə, Gürcüstan, Rusiya, hətta Ermənistan təmsilçisi kimi təqdim ediblər, Azərbaycanın xəritəsini istədikləri kimi “kəsib-doğrayıblar”.

Amma ölkə futbolu ilə bağlı oxşar səhvlərin FİFA və UEFA kimi dünyanın və Avropanın ali futbol qurumlarının rəsmi saytlarında olması daha çox təəssüf doğurur. Bu dəfə də sizə məhz FİFA-nın saytında rast gəldiyimiz anormallıqdan söhbət açacağıq.

Allsport.az xəbər verir ki, sözü gedən qurumun rəsmi saytında Azərbaycan çempionatı ilə bağlı ilkin məlumata rast gəldikdə, orada Topaz Premyer Liqası yazıldığını, hətta loqosunu da görmək mümkündür. Amma bu çempionatla bağlı ətraflı məlumatla tanış olmaq istədikdə isə, qəribə mənzərənin şahidi olacaqsınız. Az öncə “Topaz Premyer Liqası” kimi gözünüzə sataşan turnir bir andaca “Unibank Premyer Liqası”na çevriləcək. Hətta loqo da sizi çempionatımızın köhnə günlərinə qaytaracaq.

FİFA-da bu işlərə baxanların diqqətsizliyini, məlumatsızlığını başa düşmək olar. Çünki dünya futbolunda o qədər milli çempionatlar, dəyişikliklər var ki, onların hər belə məqama xüsusi həssaslıqla yanaşa bilməməsini anlamaq mümkündür. Bəs görəsən bizim futbol təsərrüfatımızın başında oturanlar heç FİFA-nın rəsmi saytına nəzər yetirmirlərmi? Belə bir yanlışlığın 2012-ci ildən bəri aradan qaldırılmaması futbolumuzdan bixəbər əcnəbilərin yox, ilk növbədə AFFA-da, PFL-də oturanların günahıdır. Üç ilə yaxındı dünya futbol ictimaiyyəti Azərbaycan çempionatının dəqiq adının necə olduğunu bilmirsə, günahı kimdə görməliyik ki?

Həmin kateqoriyadan