“Ağır zədələr tam gücümlə məşq etməyə imkan vermirdi”

İdmançı kimi böyük uğurlara yetişən Cəbrayıl Həsənov bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, gənc sərbəst güləş yığmamızda böyük məşqçi vəzifəsi artıq ona həvalə olunub. O, AGF-in saytına açıqlamasında təyinatı ilə bağlı bunu deyib:

“Ötən il Avropa çempionatına hazırlaşanda boynumdan zədə aldım. Müayinə zamanı boynumda 2 yırtıq aşkarlandı. Ona görə də qitə birinciliyində tam gücümlə iştirak edə bilmədim. Açığı, Tokio olimpiya Oyunlarında çıxış etdikdən sonra karyeramı başa vurmağı planlaşdırırdım.

Ancaq bu zədəyə görə məşqlərdə ağrılar qalmaqda idi. Ona görə də fikirləşdim ki, idmançı karyeramı başa vurum. İnşallah, bundan sonra məşqçi kimi fəaliyyətimi davam etdirəcəyəm. Federasiyanın prezident əvəzi Namiq Əliyevə məni bu vəzifəyə təyin etdiyi üçün təşəkkürümü bildirirəm. Məşqçi kimi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Əlbəttə, hər idmançının ən böyük arzusu olimpiya çempionu olmaqdır. Bu mənə nəsib olmasa da, olimpiya medalı qazana bilmişəm. Rio Olimpiadasındakı üçüncü yeri karyeramın ən böyük uğuru sayıram. Əslində Londonda da eyni nəticəyə imza ata bilərdim. Kubalı güləşçiylə görüşdə qələbə qazanmağa yaxın idim. Ancaq sona bir neçə saniyəyə qalmış səhv edərək məğlub oldum. Bu, ən məyus olduğum görüş oldu. Karyeram boyunca ən prinsipial rəqibim rusiyalı Aniuar Geduyev idi. Onunla müxtəlif yarışlarda qarşılaşmışıq”.

Həmin kateqoriyadan