Aleksey Qay: “Əsas vəzifəmiz imkan daxilində çox irəliləmək olacaq”

O, “Qəbələ”yə kecdiyi gundən diqqət mərkəzindədir. Allsport.az xəbər verir ki, qış fasiləsində ilk legioner transfer olan bu futbolcu təkcə Ukraynada deyil, postsovet məkanında da tanınmış futbolcudur. Söhbət “Şaxtyor”un sabiq üzvü, 2009-cu ildə bu komandanın heyətində UEFA kubokunun qalibi olan Aleksey Qaydan gedir.

“Qəbələ”nin avrokuboklara çıxmasında 33 yaşlı ukraynalı yarımmüdafiəçinin böyük rolu oldu. Bütün matçlarda 90 dəqiqə çıxış edən, oyun sayında cari mövsümün rekordçularından olan Qay “Qəbələ”nin aparıcı oyunçusuna çevrilib.

İndi həm ona, həm də komanda yoldaşlarına mövsümü major notda başa vurmaq üçün Topaz Premyer Liqasının bürünc medalını qazanmaq lazımdır. Aleksey “Qəbələ İK”ya müsahibəsində mükafat qazanmaq şansı ilə yanaşı, özünün komandada, kollektivin isə Avroliqada perspektivindən söz açıb.

– Çempionatın başa çatmasına 1 tur qalıb. “Qəbələ” üçün cari mövsümün yekunlarını necə dəyərləndirərdin?
– Bu məsələyə fərqli yanaşıram. Çünki mövsümdə son nöqtəni hələ qoymamışıq. Buna görə də, çempionatın yekunlarını indidən dəyərləndirmək istəməzdim. Ancaq təbii ki, əsas vəzifəmiz avrokuboklara çıxmaq idi və buna da nail olmuşuq. Bir anlıq çempionatın gedişatını xatırlamalı olsaq, deyə bilərəm ki, bizim üçün yaxşı məqamlar da oldu, pis də. Yəqin ki, azarkeşlərimiz “Qəbələ”nin nümunəsində maraqlı oyunlar izlədilər.

– Üçüncü dövrəyə uğursuz başlayan komandanız sonradan çıxışında dönüş yaradaraq qələbələri sıraladı…
– Hesab edirəm ki, məqsədimizə çatmaq üçün var gücümüzlə çalışdıq və bunun nəticəsi olaraq, avrokuboklara vəsiqə əldə etdik. Hər şeyin necə başlandığı önəmli deyil. Əsas odur ki, sonluq bizim üçün uğurlu oldu.

– Maraqlıdır, karyeranda “Qəbələ”də olduğu kimi əvvəllər 8 oyunluq qələbə seriyası olmuşdu?
– Açığı, buna diqqət yetirməmişəm. Çünki statistika ilə maraqlanan deyiləm. Bircə onu deyə bilərəm ki, hər oyuna qələbə qazanmaq niyyəti ilə çıxırdıq və seriyamızın davamlı olmasını istəyirdik.

– Bəs Aleksey Qay öz oyunundan necə, razı qaldımı?
– Desəm ki, tam razı qalmışam, əlbəttə, doğru olmaz. Daha yaxşı oynayıb, daha da faydalı ola və daha çox qol vura bilərdim. Ancaq bildiyiniz kimi, futbol səhvlərdən ibarətdir və onsuz olmur. Gəlin razılaşaq ki, yaxşı və pis məqamlar həmişə yanaşı addımlayır. Həyatda belədir.

– “Qəbələ”də ilk vaxtlar oyununun alınmamasına görə üzərində təzyiq olanda vəziyyətdən necə çıxırdın?
– O baxır məsələyə hansı prizmadan yanaşırsan. Neqativ yanaşırsansa, onda hər şey gözünə qara rəndə görünəcək. Yox, başqa cür yanaşsan, onda sevindirici məqamlar tapacaqsan. Məhz sevindirici, xoş məqamlara görə futbolda olmağa, bu həyatda yaşamağa dəyər. Hətta durumun yaxşı olmayanda belə məsələni doğru təhlil edib pozitiv məqamlar tapmalı və düzgün qərar verməyi bacarmalısan. Mən bu amalla yaşamışam, yaşayıram və bundan sonra da belə yaşayacağam.

– Çətin günlərdə ailənin yanında olmasının, yəqin ki, psixoloji baxımdan, sənə böyük köməyi oldu.
– Əlbəttə. Hətta deyərdim ki, uğurumun əsas səbəbi ailəmin yanımda olmasıdır. Buna görə onlara “çox sağ olun!” deyirəm. Ailəm yanımda olmasa, meydana çıxa bilmərəm.

– Yeri gəlmişkən, Qay ailəsi Qəbələdə özünü necə hiss edir?
– Yaxşı. Bura çox xoşumuza gəlir. Qəbələ gözəl yerdir. Qızlarım rus bölməsi olan orta məktəbə gedirlər. Məktəbdə normal ünsiyyət qururlar, sinif yoldaşları ilə yaxşı münasibətdədirlər. Ancaq hələ ki tennisə gedə bilmirlər.

– Deməli, qızlarınız tennislə məşğuldurlar.
– Bəli. Qəbələyə gələnədək Ukraynada məşğul olurdular. İndi sevdikləri məşğuliyyətdən kənarda qalıblar. Doğrudur, fürsət düşəndə onları məşq etdirməyə çalışıram. Ancaq bu, istədiyimiz məşq həcmi deyil. Fikrimcə, tennislə bağlı vəziyyətdən çıxış yolu tapacağıq.

– Son turda doğma arenada, “Qəbələ”də rəsmən debüt etdiyin rəqiblə – “Bakı”yla görüşəcəksiniz. Rəqibin artıq birinci diviziona düşməsi komandada arxayınlıq yaratmayıb ki?
– Xeyr. Mövsüm bitmədiyindən arxayınlaşmaq olmaz. Bu oyunda da qələbəyə oynamaq lazımdır. Aydın məsələdir ki, bürünc medalçı olmaq üçün bir xal da yetərlidir. Ümumiyyətlə, kiminsə qələbə qazanıb medallara qovuşmaq istəmədiyini demək axmaqlıq olardı. Əsas odur ki, oyuna soyuq başla, təmkinlə çıxıb meydanda bacardığımız oyunu göstərək. Bu zaman istədiyimiz nəticəyə nail ola biləcəyik.

– “Qəbələ”ylə qazanacağın Azərbaycan çempionatının bürünc medalının mükafat kolleksiyanda hansı yeri tutacağını bilmək maraqlı olardı.
– Gəlin, hadisələri qabaqlamayaq. Bürünc medalı boynumdan asım, sonra danışarıq. Bu suala mükafata sahib çıxandan sonra cavab verə bilərəm. Hələliksə bir qədər də səbr etsək yaxşıdır.

– Elə isə “Qəbələ”də vurduğun 4 qoldan hansının sənin üçün daha yaddaqalan olduğunu bilmək istərdim.
– İlk növbədə onu deyim ki, mənim üçün vacib olan komandamın qələbəsidir. Qol vurmaq xoş olsa da, bu, komandamın qələbəsindən əhəmiyyətli deyil. Komanda naminə şəxsi ambisiyaları kənara qoymağa çalışıram. Qollarıma gəlincə, hamısı mənim üçün dəyərlidir. Bilirsiniz, mənə görə futbolda qolun rəngi, qoxusu olmur. Qol baxımlıdır, ya yox, bunun əhəmiyyəti yoxdur. Əsas odur ki, topu qapıdan keçirmisən.

– Bir maraqlı fakt var ki, qolları, bir qayda olaraq, ilk hissədə vurursan və komanda bu oyunlarda mütləq nəticə qazanır…
– Bu, Allahın qismətidir. Qollarımı birinci, yaxud ikinci hissədə, ümumiyyətlə, hansı dəqiqədə vurduğuma diqqət yetirmirəm. Qoldan asılı olmayaraq, futbola münasibətim dəyişmir. Mən meydanda bacardığımı, bildiyimi edirəm.

– Sənin üçün Premyer Liqamızın əsas özəlliyi nə oldu?
– Azərbaycan çempionatının 4 dövrədən ibarət olması. Mübarizənin gedişində hər şey kökündən dəyişə bilər. Rəqiblərlə 4 dəfə üz-üzə gəlməli olursan. Bu isə intriqanı daha da artırır. Çempionatın marağı da bundadır. Elə oyunlar vardı ki, uda da bilərdik, uduza da. Turnir cədvəlinin aşağı pillələrində olan komandalarla oyunlarda xal itkisi realdır.

– Hazırkı “Qəbələ”nin potensialı daha yüksək medallar qazanmağa imkan verirdi?
– Komandanın imkanları ilə iddialarının nə dərəcədə uyğun gəldiyini nəzərə almaq lazımdır. Aydındır ki, iddianın böyük olması yaxşı haldır. Nəyəsə nail olmaq istəyirsənsə, öncə məşq prosesində, oyunda və ümumiyyətlə, futbolda baş verən bir çox şeylərdə rəqiblərindən üstün olmalısan. Bunu gerçəkləşdirə bilsək, “Qəbələ”nin daha yüksək əyarlı medallar uğrunda mübarizə aparması yetərincə realdır.

– “Qəbələ”də gələcək taleyini necə görürsən?
– Qışda bağladığım 6 aylıq müqavilənin müddəti bitir. Anlaşmanı uzatmaqla bağlı ümumi razılıq var. Yəqin ki, yaxın günlərdə hər şey aydınlaşar.

– “Qəbələ”nin Avroliqada uğurlu çıxış etmək imkanlarını necə dəyərləndirirsən?
– Əsas vəzifəmiz imkan daxilində çox irəliləmək olacaq. Hər bir futbolçunun işə ciddi yanaşması sayəsində istəyimizə çata bilərik. İnsanın potensialı sonadək açılmayıb. Maksimum gücümüzü qoysaq, məqsədimizə çata biləcəyik.

Həmin kateqoriyadan