Alim Nəbiyev: İslam oyunlarından sonra, əsas hədəfim “Qlori”də kəmər döyüşüdür

“Qəbələ” idman klubunun üzvü, 7-qat dünya çempionu Alim Nəbiyev kikboksun full kontakt versiyasında son ölkə çempionatının qalibi olub. Titulllu döyüşçü həm də 3-qat Avropa çempionu və 10-qat Ukrayna çempionudur. Dünyanın nüfüzlü təşkilatlarından olan “Qlori” də çıxış edən həmyerlimiz, Türkiyənin Konya şəhərində 5-ci İslam oyunlarında da Azərbaycanı təmsil edəcək. Maraqlıdır, o bu yarışa necə hazırlaşır? Məşqləri harada keçirilir? Bu və digər suallara cavab almaq üçün, allsport.az saytının əməkdaşı onunla görüşdü:

– Ölkə çempionatının finalında Elmar Abdullayevlə döyüş gərgin keçdi. Bu nə bağlı idi?
– Qələbə heç vaxt asan olmur. Yarışa 1 ay qalmış ciddi şəkildə məşq edirik. Qələbəyə gedən yol uzun, həm də çətinliklərdən ibarətdir. Yarışa çıxanda rəqibin kimliyindən, statusundan asılı olmayaraq, hörmət etmək lazımdır. Ən əsası, 100 faiz qələbə məqsədi olmalıdır. Rinqdə rəqibim təbii ki qalib gəlmək istəyirdi. Lakin təcrübəm öz sözünü dedi. Düşünürəm ki, yetərincə təcrübəm olduğu üçün, onu məğlub etmək çətin olmadı.

– “Qlori”də çıxış edirsiniz. Digər, UFC və “Bellator” kimi nüfuzlu turnirlərdən dəvət gəlibmi?
– Bu ilin sonunda “Qlori”də kəmər uğrunda döyüşəcəyəm. Qələbə qazana bilsəm, UFC və “Bellator” kimi təşkilatlar ilə danışıqlar aparıb çıxış edə bilərəm. Mənim yaxın gələcək planlarım İslam oyunlarından sonra Qloridə vuruşmaqdır.

– İslam oyunlarından söz düşmüşkən, hazırlıq necə gedir?
– İslam oyunlarında kikboksun full kontakt növündə ölkəmi təmsil edəcəyəm. Azərbaycan çempionatında qalib gələrək, lisenziya qazandım. Zabit Səmədovun klubunda hazırlıqlarımı davam edirəm. Yarışa gədər 1-2 ay vaxtımız olduğundan, təlim-məşq toplanışına yollanmağı düşünürük. Formada olmaq üçün, yaxşı hazırlaşıb, məşq etməliyik. Mənim indiki məşqçim 7-qat kikboks çempionu Roman Mayılovdur. Bizim münasibətimiz çox yaxşıdır. O da Ukrayna vətəndaşıdır, amma əslən azərbaycanlıdır. İslam oyunlarından sonra, Zabit Səmədov 10 sentyabr tarixində turnir təşkil etməyi düşünür və mən də orada çıxış edəcəyəm. Hardasa, oktyabr ayında “Qlori”də kəmər döyüşüm gözlənilir. Noyabrda ola bilər MMA-üzrə dünya çempionatına qatılım. Öz gücümü orada da sınamaq istəyirəm. Təklif də var.

– Konya-2021-də nəyi hədəfləmiziniz?
– Olimpiya medalının statusu ayrıdır. Bu üzdən, qardaş ölkədə zirvəni hədəfləmişəm. Allahın köməkliyi ilə, istəyimə nail olub payızda peşəkar döyüşlərə yüksək ovqatda yollanacağam.

Söhbətləşdi: Aynur MEHDİYEVA

Həmin kateqoriyadan