“Alonso ilə çox faydalı görüş alındı”

“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi”.

Allsport.az xəbər verir ki, bunu Leverkuzenə səfər edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Almaniyada “Bayer”in düşərgəsində olan 51 yaşlı mütəxəssis komandanın baş məşqçisi Xabi Alonso görüşüb, onun iş prinsipləri ilə tanış olub: “Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib. İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub. Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.

Qurbanov “Bayer”in məşq prosesində iştirak edib. Xabi Alonso əvvəllər futbolçu kimi işlədiyi mütəxəssislərin oyun fəlsəfəsi barədə azərbaycanlı həmkarına məlumat verib: “Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu. Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik. Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

Həmin kateqoriyadan