- Baxış sayı: 1715
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bakı 2015-in alovunun səyahəti ölkənin mərkəz hissəsində davam edir. Allsport.az xəbər verir ki, ötən gün, mayın 21-də məşəl karvanı bu zonanın iki rayonunda oldu.
Bakıdan 234 km qərbdə, Şirvan düzündə yerləşən Ucarın ərazisi 0,85 min km2, əhalinin sayı 84 min nəfərdir. Ucar şəhərinin mərkəzində məşəl yürüşü Koroğlu küçəsindən başlayaraq, Heydər Əliyev prospekti ilə davam etdi. Yol boyunca, Seymur Quliyevin başladığı estafetdə Raqif Qəhrəmanov, Nicat Zülfüqarov, Kazım Məmmədov, İbrahim Əhmədov, Elvin Mahmudov, Oruc Piriyev, Şükür Məmmədov və Fərid İsmayılov irəlilədilər.
2,28 km-lik yol ulu öndərin adını daşıyan meydanda başa çatdı. Heydər Əliyev meydanında irəliləyən sonuncu məşəlçi Tağı Məmmədov digər həmkarlarının müşayiəti ilə burada quraşdırılmış səhnə önünə gəldi və yerli sakinləri salamladılar. Aparıcının dəvəti ilə o, səhnədə qoyulmuş çırağı alovlandırdı. Onu şahmat üzrə Azərbaycan çempionu Süsən Məmmədova rayon ictimaiyyətinin nümayəndəsinə təhvil verdi.
Estafetin iştirakçısı, güləş məşqçisi Seymur Quliyev fikirlərini belə bölüşdü: “Avropa Oyunlarının məşəl karvanının Ucara gəlişi qürur verir. Rayonumuzun 10 məşəlçisindən biriyəm və bu, hər adama nəsib olan xoşbəxtlik deyil. Guləş ölkəmizdə aparıcı idman növlərindəndir. Keçmiş sərbəst güləşçi, indi isə məşqçi kimi, əminəm ki, pəhləvanlarımız ümidləri bu dəfə doğruldacaqlar və Oyunların əsas güləş medalları Bakıda qalacaq”.
Günün ikinci yarısında məşəl karvanı regionun iqtisadi və tarixi mərkəzlərindən olan, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Göyçaya yol aldı.
Bakının 216 kilometrliyində yerləşən, ərazisi 0,74 min kv.km. əhalinin sayı 115 min nəfər olan və tarixi IV–VII əsrlərə gedib çıxan rayon məhz mərkəz zolaqda yerləşdiyindən kənd təsərrüfatı ilə yanaşı, emal sənayesi də inkişaf edib.
Əlbəttə, Birinci Avropa Oyunlarının rəmzlərindən biri olan nar Göçayda xüsusi qarşılandı. Gülöyşəsi dillər əzbəri olan rayonda məşəl nar bağlarını gəzdi, foto və video kameralar bu görüşü əbədi xatirəyə çevirdilər.
Ənənələrin yaşadığı bir rayonda məşəl etsafetini Ramin Əliyev başladı. Nizami küçəsindən keçməklə, Heydər Əliyev prospektində davam edən 2,28 km-lik estafet boyunca, Coşqun Əsgərov, Kamran Nuriyev, Kamran Baxışov, Niyazi Əhmədov, Elgün Məmmədov, Kənan Novruzov, Əziz Əzimov və İmran Novruzov yürüdülər. Namət Şirinov digər iştirakçılarla birlikdə Heydər Əliyev meydanında quraşdırılmış səhnəyə qədər irəlilədi.
Sonuncu məşəlçi səhnəyə qalxaraq, çırağı alovlandırdı və sonra bütün estafet iştirakçıları səhnəyə dəvət olundular. Aparıcı Bakı 2015 haqqında məlumat təqdim etdikdən sonra, Bakıda qədim “Atəşgah” məbədində keçirilmiş alovun əldə edilməsi mərasimi və Bakı 2015-ə həsr edilmiş videoçarxlar nümayiş etdirildi. Mərasim çırağın rayona təhvil verilməsi ilə tamamlandı. Onu 9-cu sinif şagirdi, taekvondoçu Fidan Babayeva ictimaiyyəti təmsil edən nümayəndəyə təqdim etdi.
Məşəl estafetinin iştirakçısı Namət Şirinov təəssüratları ilə bölüşdü: “Bir idmançı kimi, həyatda əlçatmaz arzularımdan biri gerçəkləşdi. Axı, bu məşəl estafetində cəmi 10 nəfər çıxış edir və bu şərəfə çox adam layiq görülə bilərdi. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, prezdentimiz İlham Əliyevin qələbəsidir. Bu yarış çox idmançıların arzusunu reallığa çevirdi. Axı, hər qitənin öz belə yarışı var, yalnız Avropada yox idi. Buna görə də Avropa Oyunlarının ilkinin məhz ölkəmizdə keçirilməsi mənim üçün həyatda ən gözəl bayramdır, unudulmaz böyük tarixdir. Arzu edirəm ki, hər rayonda yanan çıraqlar ölkəmizin şan-şöhrəti olsun, bu Oyunlar dövlətimizə düşərli olsun, bizə yalnız uğurlar gətirsin”.
Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Məşəl karvanı mayın 22-də Ağdaşdan keçəcək və günün sonunda Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdə Alov festivalı ilə başa çatdırılacaq.