Asif Məmmədov: Komandamızın hazırlıq səviyyəsi məni qane edir

Kişi və qadın ağırlıqqaldırma yığmalarımız Ukraynanın Kameneç-Podolsk şəhərində təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Asif Məmmədov hazırlıqdan razı qaldığını deyib. Onun sözünə görə, komanda fevralın 4-dən Ukraynadadır:

“Bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində atletləri sınaqdan keçirməkdir. Toplanış üçün lazımı bütün şərait yaradılıb, heç bir problemimiz yoxdur. Məşqlərə gəldikdə, hər şey plan üzrə gedir. Ağırlıqqaldıranlarımızın hazırlıq səviyyəsi məni qane edir. Toplanışın ilk günlərində nisbətən yüngül məşqlərə üstünlük verdik. Artıq bir həftə arxada qalıb və çəkilərin ağırlıq faizini artırırıq, yüklənməni yüksəldirik.

İdmançılar özlərini yaxşı hiss edirlər, məşqlərdə həvəsli görünürlər, əhval-ruhiyyələri yüksəkdir. Hər toplanışın sonunda olduğu kimi, bu dəfə də açıq yoxlama məşqi keçirmək fikrindəyik. Fevralın 25-də Bakıya qayıdıb, hazırlığımızı Vətəndə davam etdirməyi düşünürük”.

Həmin kateqoriyadan