Atıcılıq Mərkəzində yaradılan şərait beynəlxalq standartlara tam cavab verir

Aprelin 17-də yeni istifadəyə verilən Bakı Atıcılıq Mərkəzinə media nümayəndələrinin tanışlıq turu təşkil olunub. Allsport.az xəbər verir ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarının atıcılıq yarışlarına ev sahibliyi edəcək mərkəzdə bu mötəbər tədbirə ciddi hazırlıq gedir.

Tanışlıq zamanı media nümayəndələrinə məlumat verilib ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb. Burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf abadlaşdırılıb. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var.

Qeyd olunub ki, güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar var. Burada eyni vaxtda 40 idmançı yarışa biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar yaradılıb.

Məlumat verilib ki, stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın “Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır. Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

Tikinti işlərinin başa çatdığını bildirən Mərkəzin baş meneceri Varren Nathan hazırda təhlükəsizlik məsələlərinin həyata keçirildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, mayın 1-dən idman qurğusunda yarışlara hazırlığa start veriləcək. Mərkəzin açıq poliqonunda oturacaqların sayı 500, qapalı məkanlarda isə 1200-dür. İlk Avropa Oyunları zamanı atıcılıq yarışlarında bilet satışı bu göstəricilərdən az olacaq. Çünki buraya qonaqların dəvəti də nəzərdə tutulub.

Mərkəzdə test yarışının təşkilinin nəzərdə tutulmadığını bildirən V.Nathan Azərbaycan Atıcılıq Federasiyasının idmançılarının burada sınaqlar keçdiyini qeyd edib. Bildirib ki, yerli idmançılar bütün məsafələr üzrə atəşaçmada öz qüvvələrini sınayıblar. Bütün sınaqlar uğurla yekunlaşıb. Üç metrlik məsafəyə atəşaçma meydançası ilk Avropa Oyunlarında istifadə edilməyəcək. Bu paleqon digər mötəbər yarışların təşkili üçün nəzərdə tutulub.

Milli komandamızın Bakı Atıcılıq Mərkəzində hazırlığa iyunun 12-də start verəcəyini bildirən V.Nathan yerli və xarici jurnalistlərin işləməsi üçün idman qurğusunda ən yüksək şəraitin yaradılacağını vurğulayıb.

“Bakı-2015” ilk Avropa Oyunlarının atıcılıq yarışlarında 210 kişi və 120 qadın idmançı qızıl medal uğrunda mübarizə aparacaq. Yarışlar iyunun 16-dan 22-dək 9 kişi, 6 qadın və 4 qarışıq komanda arasında təşkil olunacaq. Bununla yanaşı, 15 fərdi yarışda qalib gələcək idmançılar “Rio-2016” Yay Olimpiya Oyunlarında birbaşa iştirak etmək hüququ qazanacaqlar.

Həmin kateqoriyadan