ATV geri çəkildi: AFFA-nı tənqid edən həmkarımız vəzifəsində qaldı

“Azad Azərbaycan” müstəqil teleradio şirkətinin prezidenti Azər Xəlilov  jurnalist İlkin Xəlilovun və  “ATV xəbər”in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması iddialarına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, unikal.org-a yayılan informasiyanın yanlış olduğunu deyib:

“İlkin Xəlilov işinin başındadır. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa, ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiniz! Mən də bəyan edirəm ki, sizin eşitdiyiniz məlumat düzgün deyil. Eynisi Vaqif Aydınoğluya da aiddir. O da işinin başındadır”.

Sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova gənclərdən ibarət milli komandanın (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteynə məğlubiyyətindən (0:1) sonra hazırladığı reportaja görə təzyiq göstərilməsi ilə bağlı məlumat yayılıb. Telereportyor öz reportajında Lixtenşteynin gənclər yığmasına tarixində ilk qələbəni hədiyyə edən milli komandanı tənqid edib.

Həmin kateqoriyadan