- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Birinci Avropa Oyunları Əməliyyat Komitəsində (BAOƏK) Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) nümayəndələri ilə görüş keçirilib. Allsport.az xəbər verir ki, görüşdə AİJA-nın prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (AİPS) EUROPE/UEPS İcraiyyə Komitəsinin üzvü, əməkdar jurnalist Eldar İsmayılov, AİJA-nın birinci vitse-prezidenti, AİPS-in üzvü Nərgiz Mahmudzadə, BAOƏK-ın mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs və mətbuat əməliyyatları rəhbəri xanım Loreyn Rolston iştirak ediblər.
Komitənin nümayəndələri jurnalistlərin akkreditasiyası, onların rahat işləmələri üçün yaradılan şərait, bu sahədə həyata keçirilən tədbirlər və bundan sonra görüləsi işlər barədə məlumat veriblər. Qeyd edilib ki, bu günədək “Bakı-2015” Avropa Oyunlarında akkreditə üçün 800 nəfərdən artıq media mənsubu müraciət edib. Onların təqribən yarısı yerli jurnalistlərdir.
Kütləvi informasiya vasitələrini təmsil edən qeydiyyatdan keçmiş yerli və əcnəbi jurnalistlər, operatorlar, fotomüxbirlər xüsusi yayım hüququna malik media orqanlarınin çəkiliş apardıqları məkanlara buraxılmasalar da, onlar üçün xüsusi ayrılmış yerlərdə kiçik müsahibələr götürmələri, görüntüləri qeydə almaları üçün normal şərait yaradılacaq.
Komitə yarışları izləyəcək jurnalistlər üçün Azərbaycan və ingilis dillərində bir sıra maraqlı nəşrlər – broşürlər, kitabçalar, vərəqələr də hazırlayıb. Akkreditə olunan KİV əməkdaşlarının, müstəqil fəaliyyət göstərən yazarların, fotomüxbirlərin hər birinə “Bakı-2015” Avropa Oyunları media bələdçisi” paylanacaq.
Görüşdən sonra qonaqlar mətbuat əməliyyatları şöbəsində çalışanlar üçün yaradılan şəraitlə tanış olublar.