Avropa Oyunlarının mərasimlərinə dünyanın tanınmış müğənniləri dəvət olunacaq

“Bütün Olimpiya Oyunlarında olduğu kimi, “Bakı-2015” ilk Avropa Oyunlarında da həyəcanla gözlənilən an açılış və bağlanış mərasimləridir. Biz bu tədbirlərə böyük həvəslə hazırlaşırıq”. Allsport.az xəbər verir ki, bu sözləri “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov “Azərtac”a məxsusi müsahibəsində deyib.

O bildirib ki, Avropa Oyunlarının açılış mərasimi heç də digər Olimpiya Oyunlarından fərqlənməyəcək. Bu tədbirlərdə daha çox Azərbaycan mədəniyyəti, tarixi və folkloru nümayiş olunacaq. Hazırda Bakı Olimpiya Stadionunda məşqlər gedir və orada beş mindən artıq könüllü iştirak edir. Hazırlanan mərasimlər orijinallığı ilə digər tədbirlərdən seçiləcək. Artıq tamaşaçıların bu mərasimlərə gəlib-getməsi üçün bütün mühafizə məsələlərini həll olunub.

İlk Avropa Oyunlarının məşəlinin aprelin 26-da “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda alovlandırılacağını bildirən E.Səfərov məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcəyini diqqətə çatdırıb.

E.Səfərov vurğulayıb ki, irimiqyaslı tədbirlərə çox zaman dünyanın məşhur müğənniləri dəvət olunur. Hazırda bir çox tanınmış insanlarla danışıqlar gedir və “Bakı-2015”ə kimlərin dəvət olunacağı sirr kimi saxlanılır.

İlk Avropa Oyunlarının himninin hazırlanması ilə bağlı suala cavabında S.Cəfərov deyib: “Avropa Oyunları üçün himn nəzərdə tutulmayıb. Əgər himn hazırlanarsa bunu yerli müğənnilər ifa edəcək”.

Həmin kateqoriyadan