Avropa Oyunlarının markalarının ilk buraxılışı çapdan çıxıb

Bu gün Bakı-2015-in poçt markalarının ilk buraxılışının təqdimatı olub. Allsport.az saytı xəbər verir ki, rəngli markalar Avropa Oyunlarının keçiriləcəyi obyektlərindən altısını, o cümlədən, gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, atletika yarışlarının keçiriləcəyi Olimpiya Stadionunu əks etdirir.

Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov Stadionu, Büllur Saray, Heydər Əliyev Arenası, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.

Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab İltimas Məmmədov bu barədə deyib: “Bu gözəl markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir. Onlar gələn ilin yayında keçiriləcək və bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq”.

Hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına daxil edilən hər bir 20 idman növünü əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.

Gənclər və idman naziri Azad Rəhimov bu barədə bunları söyləyib: “Markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir. Əminəm ki, markalar gələcək illərdə təkcə möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin Bakı 2015 Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq.”

Stamps Two

 

Həmin kateqoriyadan