Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub

Fevralın 5-də “Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub. Allsport.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, həmçinin Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov “Bakı-2015”-ə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib. Nazir Avropa Oyunları Əməliyyat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Mərkəz yarışlara gələcək qonaqlar, eyni zamanda, media nümayəndələrinin daha səmərəli fəaliyyətinə kömək göstərəcək. Nazir deyib ki, “Bakı-2015”-in Nar Mobile tərəfindən dəstəklənən könüllülər proqramının uğurlu namizədləri Oyunlardan əvvəl yeni binada qeydiyyatdan keçərək xüsusi dizayn edilmiş uniformalar əldə edəcəklər.

Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos deyib: “Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri dünya səviyyəsində yaradılıb. Bunları görmək, Uniforma və Akkreditasiyası Mərkəzinin açılışında iştirak etmək bizim üçün çox xoşdur”.

“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, biz dünya standartlarına uyğun Oyunlar keçirmək üçün səylə çalışırıq. AOK Əlaqələndirmə Komissiyasının Bakıya səfəri əldə etdiyimiz nəticələri Avropa idman ictimaiyyəti ilə paylaşmaq üçün yaxşı imkandır. Əlaqələndirmə Komissiyasının üzvlərini burada görmək və onları “Bakı-2015”-in obyektləri və marşrut şəbəkəsi ilə tanış etməkdən böyük məmnunluq duydum. Sonda Avropa Olimpiya Komitəsinin üzvləri və digər rəsmi qonaqlar yeni Uniforma və Akkreditasiya Mərkəzi ilə tanış olublar.

Həmin kateqoriyadan