Azərbaycan çempionunun rəqibinin ən bahalı oyunçusu İbrahimoviçdir

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Lüksemburq “Düdelanj”ı oldu. Allsport.az sizi bu klubla daha yaxından tanış edir. Son Lüksemburq çempionu ölkənin iki ən uğurlu komandasından biri hesab olunur. 2005/06 mövsümündən indiyə qədər 8 dəfə çempion olan bu klub 1991-ci ildə yaradılıb. 2000-ci ilə qədər bu komanda heç bir uğura imza ata bilmirdisə, ondan bəri 12 dəfə Lüksemburq çempionu adını qazanıb.

“Düdelanj”ın avrokuboklarda elə də zəngin təcrübəsi yoxdur. Amma bəzi müsbət nəticələri də var. Məsələn, 2012/13 mövsümündə bu komanda sensasiyaya imza ataraq, ÇL-də üç mərhələ adlamağa nail olub. Həmin dövrdə Lüksemburq çempionu öncə San Marino təmsilçisini mübarizədən kənarlaşdırmışdısa, ardından Avstriya “Zalsburq”unu üstələmişdi. O dövrdə hər kəsi təəccübləndirən “Düdelanj” topların daha yaxşı fərqinə görə (4:44) avstriyalıları mübarizədən kənarlaşdırmışdı. Amma Sloveniya “Maribor”u onları ÇL-də çox uzağa getməyə qoymadı (5:1). Avroliqanın pley-offunda İsrail “Hapoel”i “Düdelanj” ı daha böyük hesabla (7:1) üstələdi. Həmin dövrdən bəri bu komanda nə ÇL-də, nə də AL-də mərhələ adlaya bilir.

Heyətə gəlincə, komandanın müəyyən özəyi var. Qapıda azərbaycanlı futbolsevərlərə də yaxşı tanış olan Jonatan Juber durur. Azərbaycanın Lüksemburqla oyunlarında da rəqibin qapısında məhz bu təcrübəli qolkiper dururdu. Heyətin əsas özəyinə Tom Şnelli, Rodriqo Dikabanı, Kleyton Moreyranı, Cerri Prempehi, Kevin Nakaşı, Daniele de Motanı, David Turpeli, Sanel İbrahimoviçi qeyd etmək olar.

İbrahimoviçlə Dikaba komandanın ən bahalı futbolçuları hesab olunurlar. Onların qiyməti 200 000 avrodur. Onu da qeyd etmək lazımdır ki, əsas heyətin bütün üzvləri təcrübəlidir. Onların əksərinin 28-31 yaşı var. Bütövlükdə isə, “Qarabağ”a çox münasib rəqib düşüb. Ağdamlılar bu rəqibi hər iki oyunda məğlub etməyə sadəcə, borcludur.

Həmin kateqoriyadan