Azərbaycan – İsveç əməkdaşlığına həsr olunan karnaval

OCEP layihəsi çərçivəsində 220 nömrəli məktəb-liseydə İsveç – Azərbaycan əməkdaşlığına həsr olunmuş karnaval keçirib. Allsport.az saytı xəbər verir ki, tədbirin ovqatı məktəbin girişində qonaqları qarşılayan hadukilərdən başladı. Məktəbə daxil olan qonaqları Santa Lusia obrazında olan şagird İsveç dilində salamlayaraq xoş gəlmisiniz söylədi. İsveç musiqisindən ibarət skripka müşayiəti altında qonaqlar İsveçə həsr olunmuş pavelyonlara dəvət olundular.

İsveçin fərqli təamları, əl işləri və rəsmləri nümayiş olunduqdan sonra qonaqlar idmana həsr olunmuş pavelyona keçid aldılar. Simvolik olaraq futbol topuna imza çəkdikdən sonra dəniz səsi və canlı truba müşayiəti altında Vikinqlər obrazında olan şagirdlər qonaqları gəmiyə dəvət etdilər. Vikinqlərin kapitanı nağıllar aləminin açarını məktəbin direktoruna təqdim etdikdən sonra qonaqlar məktəbin akt zalında təşkil olunmuş əsrarəngiz, möcüzəli bir aləmə daxil oldular. Burada onları nağıl personajları, kral qarşılayaraq kiçikyaşlı uşaqların ifasında teatr tamaşasını izləməyə dəvət etdilər.

Azad ruhlu uşaqların yazarı, məşhur İsveç yazıçısı Astrid Lindgrenin əsərlərinə və milli nağıllarımıza müraciət edilmişdir. “Uzuncorab Peppi”, “Balaca və Karlson” əsərləri ilə Azərbaycan xalq nağıllarından “Cırtdan” və “Tıq-tıq xanım” obrazları əsasında hazırlanmış teatr tamaşası nümayiş olundu. Tamaşanın əsas ideyası, tədbirin ümumi qayəsi dünyada bütün uşaqların sülh, əmin-amanlıq istəmələri, humanizm və ümumbəşər dəyərlərin ön plana çəkilməsindən ibarət idi.

Dəvət olunan qonaqlar arasında BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili Könül Nurullayeva, Nizami rayon icra hakimiyyəti nümayəndəsi Bəşarət Məmmədov, yunna-Roma güləşi olimpiya mükafatçısı və dünya çempionu Rəsul Çunayev, taekvondo üzrə dünya və Avropa mükafatçısı Fəridə Əzizova və digərləri yer alıblar.

Həmin kateqoriyadan