Azərbaycan stronqmen federasiyası 5-illiyini qeyd edib

Bu gün ASF-in 5-illiyinə tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə federasiyanın fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış edən ASF-in prezidenti Bəxtiyar Quliyev, qazanılan nailiyyətlər və gələcək planlar barədə məlumat verib. Bildirib ki, qurum dünya stronqmen federasiyasının ölkəmizdəki rəsmi nümayəndəsidir. Məqsəd idmanın bu növünün ölkəmizdə kütləviliyinin artırılmasına nail olmaq və gəncləri stronqmenə cəlb etməklə sağlam həyat tərzinə həvəsləndirməkdən ibarətdir.

Federasiyanın qeydiyyat reyestrində və nizamnaməsində də göstərildiyi kimi, ölkəmizdə istənilən güc idman növünün inkişafına kömək etməkdədir. Azərbaycanda stronqmenə həvəsi olan hər kəs bu idmanla məşğul ola, yarışlarda iştirak edə bilər. Bunun üçün federasiyanın tərkibində idman kompleksləri fəaliyyət göstərir. Federasiya müxtəlif yarışlar keçirir, maarifləndirici seminarlar və s. tədbirlər təşkil edir. Eyni zamanda, federasiya istənilən güc idman növünün klub formatında yaradılmasına və fəaliyyətinə dəstək verir ki, bu da ölkəmizdə güc idman növləri ilə məşğul olan idmançıların sayının artmasına və inkişafına mühüm töhfə verir.

Federasiyanın indiyədək ölkəmizdə 2-si beynəlxalq olmaqla, 15 çempionat keçirdiyini deyən Bəxtiyar Quliye,v ilk yarışın 2018-ci ildə “LogLift” hərəkəti üzrə təşkil olunduğunu qeyd edib: “İdmana dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. İdmançıların sosial problemlərinin həll olunması istiqamətində mühüm addımlar atılır. Ölkə başçısı, milli olimpiya komitəsinin rəhbəri İlham Əliyevin respublikamızda idmanın inkişafı istiqamətində verdiyi tapşırıqlar yeni uğurlara və nailiyyətlərə təkan verir.

Ölkəmizdə böyük idman yarışları yüksək səviyyədə təşkil olunur, idmançılarımız beynəlxalq arenada üçrəngli bayrağımızı dalğalandırırlar. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının göstəricisidir. Gənclər və idman nazirliyi də idmançıların yüksək səviyyədə hazırlıq keçməsi, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməsi üçün var gücü ilə çalışır”.

ASF-i “Strict-curl” bölməsinin rəhbəri Camal Əhmədzadə 5 il ərzində görülmüş işlər, idmanın bu növünün daha da kütləviləşməsi istiqamətində atılacaq addımlar, bölgələrdə stronqmenin inkişaf etdirilməsi üçün nəzərdə tutulan planlar barədə məlumat verib. Sonra idmanın bu növünün inkişaf etdirilməsindəki xidmətlərinə görə bir qrup şəxs və yarışlarda fərqlənən idmançılar təltif ediliblər. Daha sonra gələcək planlar barədə fikir mübadiləsi aparılıb, mühüm qərarlar qəbul olunub.

Həmin kateqoriyadan