- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının təqvimi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, yarışa Bakıda Rusiya – Ukrayna oyunu ilə start veriləcək. Həmin gün paytaxtımızda Azərbaycan millisi macarıstanlı həmkarlarını qəbul edəcək. “A” qrupunda yer alan millimiz növbəti oyununu sentyabrın 24-də Polşa, bir gün sonra isə Almaniya voleybolçularına qarşı keçirəcək.
Çempionatın qrup mərhələsinin oyunları dörd gün ərzində baş tutacaq. Sentyabrın 26-27-də play-off mərhələsinin, 28-29-da dörddəbir, bir gün sonra isə yarımfinal mərhələsinin görüşləri təşkil olunacaq. Oktyabrın 1-də final qarşılaşması Bakıda Milli Gimnastika Arenasında oynanılacaq.
Yarışda ilk dəfə debüt edəcək Gürcüstan yığmasından fərqli olaraq, Azərbaycan dəfələrlə qitə birinciliyinin iştirakçısı olub. Voleybolçularımız ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən Avropa çempionatında göstəriblər. Millimiz yarışı dördüncü pillədə başa vurub.
Ardıcıl iki çempionatda qızıl medallara Rusiya voleybolçuları sahib olurlar. Rusiya millisi qızıl medal uğrunda görüşdə 2013-cü ildə Almaniyadan, 2015-ci ildə isə Niderlanddan üstün olub. Olimpiya Oyunlarının gümüş medalçısı Serbiya millisi isə sonuncu qitə birinciliyində bürünc medal qazanıb.
Xatırladaq ki, Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çex Respublikası yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar. “A” və “C” qrupunun oyunları Bakıda, “B” qrupunun qarşılaşmaları Tiflisdə, “D” qrupunun görüşləri isə Göygöldə təşkil olunacaq.