- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
14 avqustda Azərbaycan prezidenti, Milli olimpiya komitəsinin rəhbəri İlham Əliyev XXXIII Paris yay olimpiya oyunlarında medal qazanmış idmançılar və onların məşqçilərini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüşdə dövlətimizin başçısı İlham Əliyev çıxış edib:
– İlk növbədə, idmançılarımızı gözəl qələbələr münasibətilə təbrik edirəm. Siz yay olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmisiniz, Azərbaycan bayrağını ucaltmısınız, bütün xalqımızı sevindirmisiniz. Sizi həm təbrik edirəm, həm də sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Olimpiya oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu oyunlara xüsusilə hazırlaşır. Bizim olimpiya oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm.
Onu da bildirmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan 3-cü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, hesab edirəm, bu, çox gözəl və tarixi nəticədir. Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar olimpiya oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş etmişlər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi olimpiya oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda, nəticə də əlbəttə ki, göz qabağındadır.
Daha çox medal qazana bilərdik, bəli, qazana bilərdik. Amma bu idmandır, idmanda qələbə də olur, məğlubiyyət də olur. Əsas odur bu oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.