- Baxış sayı: 45
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Ötən ilin yazında heç bir əsas olmadan ümummilli liderin büstünü nazirliyin dəhlizindən yığışdıran, dövlət idarəsinin həyətində mərhum nazir Azad Rəhimovun tapşırığı ilə hazırladılan iri şərəf lövhəsindən Heydər Əliyevin, İlham Əliyevin, Mehriban Əliyevanın və olimpiya çempionlarının şəkillərini yox edən, bacarıqlı milli kadrları işdən uzaqlaşdıran, nazirliyi idman ictimaiyyətinin üzünə bağlayan, olimpiya mükafatçılarını ölkə başçısının sərəncamına qarşı qaldıran, amansız qisasçılıq edən, nazirliyin əməkdaşlarını aşağılayıb məzələnən, 31 idman federasiyasının statusunu dayandıran, yalan görüntü yaradan, müstəqil medianın önündən qaçan, 2-ci Vətən müharibəsi qaziləri və idman veteranlarını tibbi reablitasiya instutunda müalicəsini təmin etməyən, Azərbaycan idmanını darmadağın edib onu gülüş, əyləncə və ticarət sahəsinə çevirən, bir dəfə də olsun öz sosial hesablarında Laçın yolunda etiraz aksiyasından, Türkiyədə baş verən dəhşətli zəlzələdən, “Heydər Əliyev ili” çərçivəsində ümummilli liderin 100-illiyinə həsr olunmuş tədbirlərdən paylaşım etməyən Fərid Qayıbov – Mariana Vasileva – Elnur Məmmədov üçlüyü, görünür, öncədən antimilli ovqatda imişlər və yeniyetmə-gənclik arzularını vəzifəyə keçəndən sonra tətbiq etməyə başlayıblar.
Əziz oxucular, adı çəkilən şəxslərin əməlləri və niyyətləri barədə silsilə yazılar yazmışıq. Allahın izni ilə, bu dəfə anti-Azərbaycançıların başqa bir təhlükəli və qorxunc planlarını ifşa edəcəyik. Söhbət, yerli mütəxəssislərin maaşlarının azaldılması, sıxışdırılaraq milli komandalardan uzaqlaşdırılması, erkən təqaüdə göndərilməsi və onların yerinə qeyri-azərbaycanlıların, əsasən bolqarların gətirilməsindən gedir. Proses bir müddətdir başlayıb. Qıcıq yaratmasın deyə ictimailəşdirmirlər, bacardıqca gizli tuturlar. Ötən il Azərbaycan dövlət bədən tərbiyəsi idman akademiyasının “Gimnastika və onun metodikası” kaferdasının başına 68 yaşlı bolqar Qiurka Qantçeva gətirilib. O, yerli mütəxəssis Soltan Bağırovu əvəzləyib. Qiurka Dmitri qızı barədə ilk dəfə AzDBTİA-nın rəsmi Feysbuk və İnstaqram səhifələrində fevralın 10-unda məlumat yerləşdirilib. Onun bolqar olduğu qeyd olunmayıb. Maraqlıdır, 68 yaşlı professor bizə nə öyrədəcək? 2003-cü ildən Azərbaycan gimnastika federasiyasında çalışan Fərid Qayıbov və 2007-ci ildə ölkəmizə dəvət alan Mariana Vasileva bu uzun müddət ərzində nə işlə məşğul olublar? 20 il bir igidin ömrüdür axı!
Gənclər və idman nazirliyinin qərəzli rəhbərliyinin bu istiqamətdə başlıca məqsədi akademiyanın rektoru Fuad Hacıyevi vəzifəsindən kənarlaşdırmaqdır. O hazırda ciddi müqavimət göstərir. “Şöhrət” ordenli mütəxəsis gözəl politoloq, tarixçi, natiq və aparat rəhbəridir. Savadlı insanlarla arası olmayan bu şəxslərin niyyəti onu “Bilməyənlər sinfi”nə aid kadrla əvəzləməkdir. Necə ki, kresloya oturan ilk gündən buna başlayıblar. Əsas hədəfləri, Bolqarıstanda aparıcı idman növləri – ağırlıqqaldırma, güləş və futbol üzrə mütəxəssisləri akademiyanın müvafiq kafedralarının başına gətirtməkdir. Zamanla, digər kafedraların və prorektorların bu və digər qeyri-azərbaycanlı olan şəxslərlə əvəzlənməsi plandadır. Hələliksə, proses yerli idman federasiyalarından başlayıb. Qadın güləş millimizin öncülü Mariya Stadnik ilə Semyon Çeterov məşğul olmağa başlayıb.
Ötən ay gənc məşqçi hesab edilən bolqarıstanlı Katrin Taseva, Mariana Vasilevanın qızı Siyananın rəhbəri olduğu “Ocaq Sport” klubunda bədii gimnastikadan təlim keçib. Bəs bizim çalışdırılar hanı? Necə olur ki, Valeriya Yeqay, Jalə Piriyeva, Aynur Cabbarova, Ləman Dadaşlı və digər tutullu, keçmiş milli üzvləri yurd dışında uşaq hazırlaşdırır, amma onlara yurd içindən dəvət gəlmir? Nə vaxta qədər çörəyi özümüzkülər deyil, yadlar yeyəcək? Belə görünür, bir azdan Bolqarıstanda heç işsiz qalmayacaq, hamısı burada azərbaycanlılarla əvəz olunacaq. Yeri gəlmişkən, Siyana Vasilevanın adı GİN-in nəzdində olan Respublika yüksək idman ustalığı məktəbində gedir və ordan məvacib alır, ancaq anası oradakı yerli məşqçilərə ya maaş vermir, ya da iclasda onları yığıb deyir ki, çox alırsız, azaltmaq lazımdır, onsuz da milli komandalarda qazanırsız. Maraqlıdır, o çox deyərkən, nə qədər məbləği nəzərdə tutur?
Saytımıza daxil olan başqa bir məlumata görə, Mariananın qəbuluna düşmək üçün bir yol da həmyerlisi Raif Refetovdan keçir. O, fizioterapevt işləyir, bacarıqlı mütəxəssislərdən sayılır. Öncələr güləşçilərimizlə çalışıb, sonradan gimnastika federasiyasına dəvət alıb. Yeri gəlmişkən, aerobika gimnastikası üzrə millimizin baş məşqçisi bolqar nazir müavininin soydaşı Kolev Mariyandır.
Gəzən söz-söhbətə görə, o, həyat yoldaşını Respublika yüksək idman ustalığı məktəbinə direktor, qızı Siyananı Milli gimnastika arenasına rəhbər təyin etdirmək istəyir. Vasilevanın doğma qardaşı bir müddət Azərbaycan güləş federasiyasında çalışıb. Bir sözlə, ölkə idmanını ailə təsərrufatına çeviriblər.
Gənclər və idman nazirliyinin qərəzli rəhbərliyinin digər başlıca hədəfi milli komandalarda müxtəlif yaş qruplarında çalışan yerliləri, Ukraynada baş verən qanlı savaşdan dolayı Beynəlxalq olimpiya komitəsinin cəzalarına məruz qalan rusiyalı və belaruslu mütəxəssilər, o cümlədən, son zamanlar ölkəmizə qarşı təhdid və təxribatlar edən iranlı məşqçilər ilə əvəzləməkdir. Bu işdə Mariana Vasileva və Elnur Məmmədov cütü daha canfəşanlıq göstərir. Onlar bu məsələdə federasiyalara təzyiq edirlər. Sözləri keçsin deyə, idman təşkilatlarında vəzifəli şəxsləri və milli komandalarda aparıcı idmançıları müxtəlif vasitələrlə ələ alırlar. Artıq top komanda idman növlərinə əl qoyublar. Farslar orada çox gözə dəyir. Ölkənin dini lideri Hacı Şahinin müəmmalı ölümü, “Bravo”da qanlı terror, cəbhədə şəhidlərimizin olduğu günlərdə 5 mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı keçiddə yabançı musiqilərin, oyuncaqların, çılğın rəqslərin və narıncı rəngin tüğyan etməsi Azərbaycan idmanında inqilaba işarədir. Gerçəkdən narazılıq zirvə həddindədir! Hər an cana doymuş idman kütləsi nazirliyin önündə etiraz tədbirlərinə qalxa bilər…
Kamran HACI