Azərbaycanın qalib ölkə olaraq ilk olimpiadası!

İyulun 17-də Paris-2024-də iştirak edəcək olimpiya komandamızın təntənəli yolasalması olub. Allsport.az saytı xəbər verir ki, Milli gimnastika arenasında tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, idmançılara uğurlar arzulayıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, 2-ci Vətən müharibəsi şəhidlərinin və idman ictimaiyyətindən vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın qalib ölkə olaraq ilk olimpiadası olacağını qeyd edən nazir, qazanılan lisenziyalarda bir sıra rekord və ilklərin də olduğunu qeyd edib.

Tədbirdə həmçinin idmançılarımızın lisenziya qazandıqları anların əks olunduğu video və müxtəlif peşə sahiblərinin olimpiyaçılara arzularının əks olunduğu videoçarx nümayiş edilib.

Mərasimin növbəti hissəsində idmançılarımızın olimpiya oyunlarında iştirakı üçün xüsusi hazırlanmış vahid idman geyim dəstinin təqdimatı olub. Onları olimpiyaçılarımız özləri nümayiş etdiriblər.

Həmin kateqoriyadan