Azad Rəhimov avstriyalı həmkarı ilə görüşüb

Sentyabrın 18-də gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın vitse-kansleri, federativ idman naziri Haynz-Kristian Ştaxeninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Allsport.az saytı xəbər verir ki, nazir həmkarına Azərbaycana gəldiyi və  idman sahəsindəki inkişafa böyük maraq göstərdiyi üçün təşəkkürünü bildirib, avstriyalı idmançıları Azərbaycana təlim məşq toplantılarına, təcrübə mübadiləsinə dəvət edib. 

Azad Rəhimov bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən olimpiya idman komplekslərində bu sahənin inkişafı, idmançıların birgə təlim məşq toplantılarına qatılmaları üçün hər bir şərait var. Bununla yanaşı, o, ölkəmizin müxtəlif illlərdə ilk Avropa oyunları, 4-cü İslam həmrəyliyi oyunları, Formula1 qran-prisi, Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etdiyini, müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində Avstriya ilə maraqlı əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.

Azad Rəhimov görüş zamanı, 2015-ci ildə Azərbaycanda ilk Avropa oyunları zamanı avstriyalı idmançı Vanessa Şahinoviçin düşdüyü qəzadan sonra Azərbaycan hökumətinin onun sağalması istiqamətində bütün dəstəyi göstərdiyini və bu işdə vitse-kansler Haynz-Kristian Ştaxenin xidməti olduğunu qeyd edərək, ona dərin təşəkkürünü bildirib. 

Həmin kateqoriyadan