Azad Rəhimov: Biz açılış və bağlanış üçün ən münasib qiymətlər təyin etmişik

Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi və “iTicket” arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Allsport.az saytı xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov anlaşmaya məmnunluğunu ifadə edib:

“Biz açılış və bağlanış mərasimləri üçün ən münasib qiymətləri təyin etmişik. Həmçinin bütün idman yarışlarına pulsuz biletlərin olmasını planlaşdırırıq.

Ümid edirik ki, atılan addımlar yerli və xarici idman azarkeşlərində festivala qarşı daha çox maraq oyadacaq və onların bu möhtəşəm idman oyunlarını izləmələri üçün şərait yaradacaq”.

GİN-n mətbuat xidmətinin məlumatına görə, açılışa bir biletin qiyməti 10-15 AZN arasında, bağlanış mərasiminə isə 5-10 AZN arasında olacaqdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Biletlərin sifarişi və əldə olunması ilə bağlı əlavə məlumat EYOF Bakı 2019-un rəsmi səhifəsində elan ediləcək.  Tədbir üçün satışa 146 000 bilet çıxarılacaq.

Biletlərin təxminən yarısı 10 iyun 2019-cu il tarixindən EYOF “Bakı 2019”-un rəsmi veb saytında https://www.eyofbaku2019.com və iTicket.az rəsmi saytında https://www.iticket.az satışda olacaq. Bundan əlavə, bütün idmansevərlər biletləri “Park Bulvar”, “Gənclik”, “28 May” ticarət mərkəzlərindən və paytaxtın müxtəlif ərazilərində yerləşən 12 bilet satışı məntəqəsindən əldə edə biləcəklər.

Həmin kateqoriyadan