Azad Rəhimov nazirlikdə Avropa gənclər yay olimpiya festivalına hazırlığı müzakirə edib

Bu gün gənclər və idman nazirliyində Azad Rəhimovun rəhbərliyi ilə 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa gənclər yay olimpiya festivalına hazırlıq işləri ilə bağlı toplantı keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşdə  nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəsmiləri və idman mütəxəssisləri iştirak ediblər.

Nazir ilk olaraq məlumat üçün Avropa gənclər yay olimpiya festivalının 1990-cı ildən keçirildiyini, ötən illər ərzində Paris, Lissabon, Tiflis və digər şəhərlərdə baş tutduğunu, 2019-cu ildə isə paytaxt Bakının bu yarışlarlara ev sahibliyi edəcəyini qeyd edib. Toplantı zamanı bildirilib ki, 6 gün davam edəcək yarışlarda iştirak üçün Bakıya 50 Avropa ölkəsindən 2000 idmançı, 1500-dən artıq nümayəndə heyəti, ümumilikdə 3500-4000 qonağın gələcəyi gözlənilir.

Ümumilikdə idmançılar 10 idman növündə (əsas 9, ev sahibi olan ölkəyə əlavə 1 idman növü verilir: atletika,basketbol, velosiped, idman gimnastikası, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, yunan roma- sərbəst güləş ), 13 proqram  üzrə mübarizə aparacaqlar. Yarışın açılış mərasiminin “Büllur” sarayda baş tutacağı deyilib.

GİN mətbuat katibi Səmayə Məmmədovanın yaydığı məlumata görə, toplantı zamanı yarışların keçiriləcəyi idman arenalarının hazırlığı üçün görülməsi tələb olunan işlər, idmançıların yarışlara hazırlığı, texniki məsələlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azad Rəhimov bildirdi ki, qarşıda idmançılarımızı mötəbər idman yarışları gözləyir. Argentinada keçiriləcək yeniyetmələrin yay olimpiya oyunları, Minskdə baş tutacaq Avropa oyunları və digər mötəbər idman tədbirlərinin hər biri Tokyo-2020-yə gedən yolda mühüm əhəmiyyət daşıyır ki, burada da mübariz və hazırlıqlı olmaq vacibdir.

Həmin kateqoriyadan