- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Bəxtiyar Məmmədov | batyyar@mail.ru
Və yaxud bir əlifbalıq oyun
Avropa futbol liqası yarışının birinci turunun əsas məqamlarından bəhs edərkən, komandalarımızın rəqibin səhvləri, ilk növbədə, çatışmazlıqları üzərində oyun qurmasının vacibliyini xüsusi qeyd etmişdik. Çünki təmsilçilərimizin böyük yarışlar üçün həqiqətən nə böyük təcrübəsi, nə oyunçu potensialı, nə də başqa bir üstünlüyü və bacarığı var. Buna görə də “hər fürsət uğura doğru bir addımdır” prinsipi ilə oynamaq və düşünmək lazımdır. Rəqibi öyrənmək heç də asan iş deyil. Futbolumuz üçün yad olan bu ünsür məşqçi korpusunun ahəngdar fəaliyyətini təmin etməklə, onların detalları görmək bacarığını tələb edir.
Açıq yazsaq, əslində, ötən turda da bir-birindən fərqli yanaşma ilə meydana çıxan və yenə fərqli nəticələr göstərən təmsilçilərimiz rəqiblərini layiqincə qiymətləndirməmişdilər. Hərçənd “Qarabağ” qonağına istədiyini həzm etdirməklə bunu kompensasiya etdirdi; “Qəbələ” isə, əksinə, məhz bunun qurbanı olaraq, yaxşı təsir bağışladığı matçdan məğlub ayrıldı və ilk oyunda olduğu kimi, çəkilən zəhmət hədər getdi. Bir sözlə, iki oyuna komanda əlavə 3 xaldan məhrum oldu.
Bu dəfə səfərdə meydana çıxan “Qəbələ” hələ də nə praqmatik, nə konkret strateji oyun planı ilə meydana çıxmağı öyrənib. Elə bil, futbolçular rəqibin zəif-güclü tərəflərini meydanda özləri araşdırırlar. Dərhal sual doğur: bəs məşqçi korpusu və onun məşqsədyönlü məşqləri nə üçün hesablanır? Axı, budəfəki rəqibi öyrənmək üçün Rusiya çempionatı da yetərli idi. Krasnodar təmsilçisi bu mövsüm ötənilkindən azacıq fərqli oynayır. Hiss olunur ki, hələ axtarışlar, arayışlar yolundadır. Ötənilki yüksəlişdən sonra üzdə qalmaq üçün komanda dəyişməlidir. Bu isə “Qəbələ”yə xal fürsəti deməkdir. Rusiya çempionatının ilk turları məhz bu məqamları əyani nümayiş etdirir. Fəqət doğma divarlar arasında PAOK-la matçda ən böyük fürsəti qaçıran qəbələlilər Şimal səfərində, azı, bir xalı əldən verdi.
Doğrudur, matçın ilk hissəsindəki oyun heç nə vəd etmirdi. Dağınıqlıq, qeyri-müəyyənlik, konkret oyun xəttinin olmaması, vəziyyətə görə hərəkət etmək niyyəti inad və israrı heçə endirirdi. Erkən qol isə planları lap alt-üst etdi.
İkinci hissədə vəziyyət Azərbaycan futbol məktəbinin ilk yetirməsi meydana daxil olandan sonra düzəlməyə başladı. Oyuna sanki fərqli ruh gəldi. Üstəlik, ev sahiblərinin də oyun tərzini dəyişməməsi lap yerinə düşdü. Bundan təmsilçimiz yetərincə faydalandı. Sonrakı dəqiqələrdə isə qələbə topunu da vura bilərdi. Rəşad Sadiqov tiri nişan aldı. Əlbəttə, rəqib də qələbəyə yaxın idi. Fəqət həqiqət anı matçın sonuna az qalmış aşkara çıxdı.
Söz yox ki, “Qəbələ” məğlub olmaya da bilərdi. Amma hər belə məğlubiyyət fərqli dərs olmalıdır. Baş məşqçi də elə bunu deyir. Əslində, bu qısa turnirdə artıq təmsilçimizin fərqli çıxış yolu da qalmayıb. Təbii, “əgər əcnəbilər meydanda olacaqdısa, niyə daha güclüləri transfer edilməyib?” deyərək, təəssübkeş azarkeşin qanuni sorğu-sualını, tələbini anlamaq olar. Əksərən, bu əcnəbilərin natamamlığı ilə müqayisədə, yerlilərin “partlayıcı” effektivliyi daha faydalı ola bilər. Məşqçinin Krasnodarda qurduğu müdafiə xətti isə, əslində, Azərbaycan çempionatının iştirakçılarına onlarla necə mübarizə aparmağın mümkünlüyünü nümayiş etdirdi. Çox təəssüf ki, məğlubiyyətdə orta xətt daha böyük rol oynadı. Hücumçular da əsas heyətdə yer alacaqlarına arxayın olduqlarından, heç çəkinmirlər. Bütün bunlar “səbr kasası” ilə bağlı qış mövsümündə yeni dastan yazıla biləcəyini göstərir. Əlbəttə, məşqçiyə səlahiyyət, kard-blanş verilməlidir. Amma bu, hesab sorulmayacağı anlamına gəlməməlidir, çünki məsuliyyətsizliyə aparan yoldur.
“Qəbələ”dən fərqli “Qarabağ” artıq bu yarışda da özünə təcrübə toplamaqla addım-addım böyüyür. Özü də təkcə belə uğurları ilə deyil, həm də Londonda gördüyümüz məğlubiyyətləri ilə. İki ildir Avropa yarışları tarixinin həm özünə, həm də ölkəmizə aid hissəsinə yeni sətirləri əlavə edən komanda, ilk dəfə bu yarışda doğma azarkeşinə qələbənin nə olduğunu anlatdı. Çox təəssüf ki, bütün bunlar komandanın seyrəlməkdə olan azarkeş cərgəsi ilə müşahidə olunur və burada Azərbaycan futbolunun daha iki köklü problemi üzə çıxır.
Birincisi – komandanın heç bir araşdırma aparmadan, biletlərin qiymətini artırması və ucuz gəliri mənəvi dəstəkdən üstün tutması ilə bağlıdır. Real alıcı bazarını ölçüb-biçmək üçün məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Görünür, klubda bu sahədə böyük boşluqlar var. Yeri gəlmişkən, bunun üçün də ölkə xaricindən mütəxəssis cəlb etməyə elə bir ehtiyac yoxdur. Axı, son vaxtlar komandalarımızda hər vəzifəyə əcnəbiləri gətirmək bir dəb halını alıb.
İkincisi, biletlərin kassalarda nəzarətsiz qalmış satışı problemlər yaratmağa başlayıb. Biletlər kassalarda tapılmasa da, stadion az qala yarıbayarı boş qalır. Bu mövzunu hələ yarışdan əvvəl qabartmaq istəyirdik. Lakin “Qarabağ” rəhbərliyinin, gec də olsa, ayılacağına ümid edirdik. Çünki müşahidələr möhtəkirlik, işbazlıq, dəllallıq əlamətlərinə işarə edir. Hamıdan əvvəl məhz Ağdam təmsilçisinin özü bu faktların araşdırılmasında və satışa çıxan biletlərin təqib edilməsində maraqlı tərəf olmalıdır. Çünki ən çox ziyan məhz komandanın öz daxili kassasına dəyəcək.
Əlbəttə, klublarımız bu kimi qanuni yollarla pul qazanmaq imkanı ilə tanış deyillər və bu fürsəti lazımınca qiymətləndirə bilmirlər. Lakin marketinq məsələlərinə artıq peşəkarcasına diqqət etmək lazımdır. Çünki Avropa təcrübəsi də əyani göstərir ki, möhtəkirliyin izləri elə klubun özünə aparıb çıxara bilər. Bu isə qanunla da yolverilməzdir.
Hələ bir neçə il əvvəldən təmsilçilərimizi, ən əvvəl isə, AFFA-nı vaxtında bu problemlə üzləşəcəklərini agah etməyə çox çalışırdıq. Amma nə o vaxt, nə də indi bu istiqamətdə bir addım atmaq fikri-niyyəti görünmür. Görünür, onlar məsələnin ictimailəşib problemə çevrilməsini, şikayətlərin yüksək tribunalardan səslənməsini gözləyirlər. Amma belə olanda da faydalı bir iş görməyəcəkləri aydındır. Çünki tələskən qərarlar heç vaxt təsirli olmur. Həm də unudulur ki, bu məsələlər dünyada o qədər ciddi qurulub ki, sistem hətta ən böyük biznes struktur kimi, futbolun maliyyə dayaqlarının müstəqilləşməsinə nail olub… Bu məsələlərin müzakirəsini sonralara qoyub, keçək oyuna.
“Qarabağ”ın son vaxtlar zəif bəndinə çevrilməkdə olan qapıçı mövqeyi bu matçda da şübhələr doğurdu. Hərçənd etiraf edək ki, özünü tam doğrultdu. Onun yeganə səhvini rəqib bağışladı, qalan hallarda isə qapıçı qələbədə böyük pay sahibi oldu. Əlbəttə, qələbə təkcə bununla deyil, əsl kollektiv oyunun bəhrəsi ilə möhtəşəm oldu. Başabaş rəqabət, yeri gələndə, əminlik, yeri gələndə, sərbəstlik hər addımda hiss olunurdu. Bir sözlə, “Qarabağ” özünü bu rəqibdən heç də aşağı, zəif saymırdı və qalib gəlmək üçün özünə güvənirdi.
Bunu izləmək nə qədər xoş idisə, oyunun emosionallağı psixoloji gərginliyə aparırdı. Səbəb isə aydın idi: “Qarabağ” üçün indiki halda oyun elementlərindən ən vacib olanı – rəqibin imkanı, oyunu, tərzi idi ki, buna da elə bil heç diqqət yetirilməmişdi. Son vaxtlar “Anderlext”i təqib etmək imkanı olanlar bunu dərhal müəyyən edə bilərlər. Üstəlik, bir tələskənlik də get-gedə təmsilçimizin oyununa hakim kəsilməkdə idi və bu da psixoloji gərginliyin toxumlarındandır. Çünki qısa və orta ötürmələrin könül oxşayan ahəngdarlığında bir səhv ehtimalı bütün zəhməti hədər edə bilərdi. Komandamız rəqibin qapısı ağzına qədər irəliləmək istəyirdi və uzaqdan hədəfi nişan almağa cəhd etmirdi. Bu düşüncələrin dərinliyinə qapılmağa 36-cı dəqiqənin bir qanunauyğun təsadüfü imkan vermədi: Almeyda möhtəşəmliyi təbiətində gizlənən mini-reydlə ən vacib nöqtəni nişan almaqla, qapıçı üçün ən təhlükəli zərbəni vura bildi. Riyazi-həndəsi məqamları ilə əlifbalara layiq bir zərbədən sonra meydanda hər şeyin dəyişəcəyi bəlli idi. Lakin “Qarabağ”, əsl komanda kimi, buna imkan vermədi. Hətta rəqibin şokdan sonrakı vəziyyətinə də aludə olmadan, yenə hörümçək kimi öz torunu toxuyurdu.
Fasilədən sonra da oyunun xarakterini dəyişməyə qoymayan “Qarabağ” Avropanın səviyyəsi ortabablıqdan yuxarı olan bir rəqibi ilə mübarizə aparmaq üçün yetişdiyinin fərqinə vardı. İlk dəfə idi Qurban Qurbanovun əvəzləmələrdə də bu qədər dəqiq və hesablanmış addımlar atdığını gördüm. Ümumən, matç, klublarımız üçün əyani “Avropa dərsliyi”nə çevrildi. Yol bu yoldur və onu görmək üçün, bu gün hətta “Qəbələ” də həmin görüşü izləməlidir.
Matçın qiymətini bir hadisə də artırır: UEFA turun yekununda tərtib etdiyi rəmzi yığma komandaya “Qarabağ”ın qolunun müəllifi Riçard Almeydanı da saldı: Həmin heyətdə ondan savayı, qapıçı Etan Horvat (“Mölde”), müdafiəçilər Nenad Tomoviç (“Fiorentina”), Yakub Brabets (“Sparta” Praqa), Vladimir Kufal (“Slovan” Liberets), yarımmüdafiəçilər Markus Henriksen (“AZ-67” Alkmaar), Birkir Byarnason (“Bazel”), Andriya Jivkoviç (“Partizan”Belqrad), hücumçular Pyone Sisto (“Midtyulland”), Fernandau (“Fənərbağça”), Franko Di Santo (“Şalke-04”).
Beləliklə, “Qarabağ” bu rəqabətdən sonra daha bir şans qazanmaqla, gələcəyə ümidlə baxa bilər. Çünki belə bir mürəkkəb qrupda rəqabət gücü ilə indi o, pley-offa çıxa biləcəyini, yəqin ki, artıq dəqiqləşdirib. Söz yox ki, haradasa oyunçu ehtiyatı bir az şübhələrə yol açır. Lakin komanda oyunu ilə budəfəlik “Qarabağ” “Dnipro”nun ötənilki möcüzəsini təkrarlaya biləcəyini unutmamalıdır. Bu əminlik isə məhz indiki qrupdakı bir-birindən fərqli üç rəqiblə mübarizədə hasil olanda, əsillik qazanır.