“Azarkeşlərimiz bizə inansınlar, biz də komanda olaraq onları sevindirək”

Konfrans liqasının III təsnifat mərhələsi çərçivəsində təşkil olunacaq “Araz-Naxçıvan” – “Omoniya” oyun öncəsi mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, “al qurdlar”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

“Komandamıza dəstək olduğunuza görə təşəkkür edirəm. Sabahkı oyuna hazırlığımız qaydasında davam edir. Komanda olaraq yaxşısını etməyə çalışacağıq. “Omoniya” tanıdığımız, amma “Qəbələ” ilə oynadığımız rəqib deyil. Oyun dəsti-xətti olan komandadır, incələmişik və futbolçulara lazım olan məlumatı vermişik. Komanda şəklində oyuna hazırıq. Qarşımızda yaxşı təşkilatlanmış rəqib var. Birinci oyundan sonra onlar da bizə hörmətlə yanaşırlar. Uğurlu nəticə qazanmağımız mümkündür.

Komandamızda əsas və ehtiyat heyət yoxdur, hər kəs oyuna hazırlaşır, hazır vəziyyətdə veriləcək qərarı gözləyir. Qərarıma əsasən, meydana çıxanların hər biri maksimumu etməyə çalışır. Oyuna qədər vaxtımız var, kimi seçsək, fürsət versək, o da ən yaxşısını etməyə hazır olacaq.

İndi elə mərhələdəyik ki, qrupu yox, keçirəcəyimiz oyunu düşünürük.

Oyuna gələn azarkeşlər 12-ci futbolçuya çevrilir. “Aris”lə oyundan əvvəl bizə sual verirdilər ki, səfərdə o qədər azarkeş qarşısında necə oynayacaqsız? Futbolçularım göstərdi ki, onlar da o ortamda, atmosferdə futbol oyunları keçirməyə hazırdırlar. Azarkeşlərimiz bizə inansınlar, biz də komanda olaraq onları sevindirək”

Həmin kateqoriyadan