“Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik”

Avropa liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçiriləcək “Qarabağ” – FKSB (Rumıniya) matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və müdafiəçisi Elvin Cəfərquliyevin mətbuat konfransı təşkil olunub.

Allsport.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“2025-ci ildəki ilk avrokubok oyunumuz olacaq. Bu matça hazır olmaq bizim üçün çox vacibdir. Bəzi problemlərimiz olsa da, pis hazırlaşmamışıq. Bilirik ki, çox istəkli, Avropa liqasında yaxşı oyunlar sərgiləmiş və uğurlu nəticələr əldə etmiş komandaya qarşı oynayacağıq. Rumıniya futbolu həmişə ciddiliyi, sərtliyi ilə seçilib. Çox vacib mübarizəyə hazırıq. Öz oyunumuzdan əl çəkmədən yaxşı çıxış etmək və azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik”.

Baş məşqçi klubunun fəxri prezidenti Abdulbari Gözəlin vəfatından kədərləndiklərini sözlərinə əlavə edib: “Həm klubumuz, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Abdulbari Gözəlin “Qarabağ”ın və mənim üzərimdə böyük haqqı var. Hər bir addımı düşünərək, “Qarabağ” klubunun uğuru üçün sevərək atırdı. Belə bir insanın vəfatı hər birimiz üçün böyük itkidir. Təbii ki, klub daxilində böyük kədər var. Allah rəhmət eləsin”.

Elvin Cəfərquliyev də qələbəyə kökləndiklərini söyləyib: “Sabahkı oyuna hazırlaşmışıq, rəqibin hər bir futbolçusu ilə tanış olmuşuq. Baş məşqçimizdən lazımi tapşırıqları almışıq. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Onları sevindirmək istəyirik. Meydana qələbə üçün çıxacağıq”.

Sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Həmin kateqoriyadan