Bədən tərbiyəsi və idmanın inkişaf yolları: Mütəxəssis qanunda nələrin yenilənməsinə ehtiyac görür?

Təcrübəli idman rəyçisi Pərvin Mehdiyev “Bədən tərbiyəsi və idman haqqında” qanuna toxunub. Allsport.az saytı xəbər verir ki, o, sənədi zamanında vacib və irəliyə addın hesab etsə də, bəzi çatışmazlığın olduğunu deyib. Mütəxəssisin fikrincə, bu günün reallıqları və beynəlxalq idman mühitinin çağırışları fonunda bir sıra əskiklər var. Bunlar əsasən mövcud qanunun çağdaş tələblərə cavab verə bilməməsidir. Gənclər və idman nazirliyinin keçmiş əməkdaşı buna nümunə kimi bir neçəsini sadalayıb. Sitat:

– Müasir dövrün çağırışlarına cavab verməməsi
Qanun texnologiyanın, peşəkar idmanın və kütləvi idmanın son 20-25 ildə keçdiyi sürətli inkişafı əhatə etmir. Elektron idman (e-idman), fitnes sənayesi, sağlam həyat tərzi təbliğatı kimi sahələr qanunda ümumiyyətlə nəzərə alınmayıb.

– Uşaq və gənclər idmanının hüquqi mexanizmləri zəifdir: İdman məktəblərinin fəaliyyət prinsipləri və dövlət nəzarət mexanizmləri qanunda ətraflı izah olunmur.
Məşqçilərin, idman müəllimlərinin və uşaqların hüquqları, müdafiə mexanizmləri, etik prinsiplər haqqında məlumatlar tam açıq deyil.

– İdman federasiyaları və klubların hüquqi statusu aydın deyil: Federasiyaların səlahiyyəti, hesabatlılıq mexanizmləri və dövlətlə münasibətləri normativ baxımdan zəifdir. Klubların yaradılması, lisenziyalaşdırılması ilə bağlı həmçinin nəzarət prinsipləri qanunda qeyri-müəyyən əks edilib.

– Peşəkar idman anlayışı dəqiq formalaşdırılmayıb: Peşəkar idmançıların əmək hüquqları, sosial təminatı və idmanda peşəkarlıq statusunun hüquqi tənzimi yoxdur. Müqavilə sistemi, agentlər, transferlər və sponsorluq məsələləri qanunda əhatə olunmayıb.

– İdmanda korrupsiya, dopinq və etik pozuntularla mübarizə mexanizmləri zəifdir: Dopinqə qarşı mübarizə, idmanda ədalətlilik, etik davranış kodeksi kimi məsələlərə ümumiyyətlə toxunulmayıb. İdmanda korrupsiya, oyunların nəticələrinin manipulyasiyası kimi hallara qarşı hüquqi əsas yoxdur.

– Əlillər və xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmanda iştirakı zəif tənzimlənib: Paralimpiya hərəkatı, inklüziv idman və xüsusi idman proqramlarına dair dəstək mexanizmləri və hüquqi öhdəliklər yoxdur. Bunların olmaması adiyyəti idman təşkilatlarının (federasiyalar) və dövlət qurumunun vəhdət formasında fəaliyyətinə təkan vermir. Paralimpiya hərəkatına bir neçə idman növünü çıxmaq şərti ilə digərləri sağlam idman növlərinin beynəlxalq təşkilatları (federasiyalar) tərəfindən himayə edilib inkişaf etdirilir.

– İdman infrastrukturunun idarə olunması və monitorinqi mexanizmləri zəifdir: İdman qurğularının mülkiyyət formaları, texniki standartları və ictimai istifadə mexanizmləri qanunda detallı göstərilməyib.

– Təhsil və idmanın əlaqəsi zəif qurulub: Məktəblərdə və universitetlərdə bədən tərbiyəsinin hüquqi tənzimlənməsi, pedaqoji heyətin hüquqları və qiymətləndirmə sistemləri barədə qanun qeyri-kafidir. Bu da kütləvi idmanın inkişafına əlavə boşluqlar yaradır.

– Maliyyələşmə və sponsorluq mexanizmləri qeyri-müəyyəndir: Dövlət və qeyri-dövlət (özəl) sektorun idmana dəstəyi, vergi güzəştləri, idman sponsorluğuna dair stimullaşdırıcı mexanizmlər yetərincə detallı deyil.

– Beynəlxalq əməkdaşlıq və hüquqi uyğunlaşma zəifdir: Beynəlxalq idman təşkilatları, idman arbitrajı, Avropa idman xartiyası və digər sənədlərlə uyğunluq məsələləri qanunda kifayət qədər əks olunmayıb. Bu da idmanda beynəlxalq standartların tətbiqində boşluqlar yaradır.

Göründüyü kimi “Bədən tərbiyəsi və idman haqqında” qanunumuzun yenidən şəkilləndirilməsinə və çağdaş tələblərə cavab verən yeni sistemli formata salınmasına ehtiyac vardır. Çünki hazırki qanun zamanında MDB-nin nümunəvi qanun topluların üzərində formalaşdırılmışdı. Ona görə də yenilənməsinə ehtiyac duyulur.

Mütəxəssis, bədən tərbiyəsi və idmanın sistemli inkişafına təkan verəcək sənədlərin yenilənib hazırlanmasına aydınlıq gətirib: “Bunun üçün bu ardıcıllıq mütləq həll olmalıdır. Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli strategiya Bədən tərbiyəsi və idmanın inkişafı üzrə illər üzrə Strateji planlama (təhlil analizləri aparmaqla) olmalıdır. Bu sənədlər üzərindən digər normativ sənədləri (qaydalar, təlimatlar və digər) yeniləmək və ya çağdaş tələblərə uyğun sənədlər toplusunu hazırlamaq məqsədəuyğundur”.

Həmin kateqoriyadan