Bağlanış mərasimi Veronada

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV qış olimpiya oyunları fevralın 22-də saat 20:00-da (Bakı vaxtı ilə 23:00) möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq.

Allsport.az xəbər verir ki, dünya idman ictimaiyyətinin diqqəti bu tarixi hadisə üçün İtaliyanın simvollarından biri sayılan Verona arenasına yönələcək.

“Filmmaster” tərəfindən hazırlanan və “Grand Finale” (Möhtəşəm final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.

Verona arenası həm builki bağlanışa, həm də qarşıdan gələn paralimpiya oyunlarının açılış mərasiminə ev sahibliyi etməklə beynəlxalq arenada ölkənin qonaqpərvərlik rəmzinə çevriləcək.

Bağlanış mərasimi üçün Verona arenasının seçilməsi təsadüfi deyil. Bu ikonik amfiteatr İtaliyanın zəngin mədəni irsini təcəssüm etdirir və qlobal əhəmiyyətli bir tədbiri yekunlaşdırmaq üçün bənzərsiz bir mühit yaradır. Burada məkanın şanlı keçmişi idmanın gələcəyi ilə qovuşur.

Bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı – dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.

Fevralın 10-da idmançımız Vladimir Litvintsev Milan şəhərində yerləşən “Mediolanum Forum” arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina Ampetsodakı Tofane Alp xizək mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı təmsilçimiz 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da idmançımız hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV qış olimpiya oyunlarındakı çıxışını 51 yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün qış olimpiya oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

XXV qış olimpiya oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparır.

Həmin kateqoriyadan