Bakı 15 olimpiya atıcılıq növü üzrə dünya kubokunda kimlər qalib olub?

Bakı Atıcılıq Mərkəzində 15 olimpiya atıcılıq növü üzrə dünya kuboku başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günündə daha 2 medal dəsti uğrunda mübarizə aparılıb. Kişilərin 3 vəziyyətdə 50 metr məsafədəki hədəflərə tüfəngdən atəş açma yarışında xorvatiyalı idmançı fərqlənib. Peter Qorsa 457,5 xalla bütün rəqiblərini qabaqlayıb. Hindistanlı Racput Sanjeyev ikinci olub. O, 456,9 xal toplayıb. Bürünc medal isə 445,5 xal toplayan Xim Hionjuna (Koreya Respublikası) qismət olub.

Kişilər arasında stend atıcılığı yarışında rusiyalı Nikolay Tepliy qızıl medal qazanıb. O, finalda misirli Azmi Mehilbanı məğlub edib. İtaliyalı Tamaro Kasandro bürünc medal əldə edib. O, üçüncülük uğrunda görüşdə misirli Mustafa Həmdidən daha sərrast olub.

Sonra qaliblərə medallar və qiymətli hədiyyələr təqdim edilib. Dünya kubokunun Bakı mərhələsində güllə atıcılığında 10, stend atıcılığı üzrə isə 5 dəst olmaqla ümumilikdə 15 dəst mükafat uğrunda mübarizə aparılıb. Bu mükafatlar uğrunda 80 ölkədən 640 atıcı iştirak edib.

Azərbaycan Atıcılıq Federasiyası tərəfindən təşkil edilmiş yarışlar Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, habelə “Qəbələ” atıcılıq klubunun dəstəyi ilə keçirilib.

Həmin kateqoriyadan