Bakı-2015 ABŞ-ın idman televiziya şəbəkəsi ilə yayım sazişi imzaladı

Bakı-2015 Avropa Oyunları bu yay baş tutacaq ilk Avropa Oyunlarının ABŞ-da yayımlanmasını təmin etmək məqsədilə “Universal Sports Network” ilə saziş imzalayıb. Allsport.az xəbər verir ki, 12-28 iyun tarixləri arasında Universal Sports Network öz kanalında və UniversalSports.com internet səhifəsində möhtəşəm Açılış və Bağlanış Mərasimləri də daxil olmaqla Azərbaycanda keçirilən Avropa Oyunları haqqında gündəlik proqram yayımlayacaq.

Bununla yanaşı, “Universal Sports Network” həmçinin Avropa Oyunlarının Kanadada yayımlanması üçün yayım hüququ əldə edir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Universal Sports Network” ilə bu sazişin imzalanması Bakı 2015 üçün mühüm bir təkandır və Oyunların dünyanın ən böyük tamaşaçı auditoriyasına nümayiş etdirilməsini təmin edir. Bu saziş birinci Avropa Oyunlarına bütün dünyada ciddi marağın olduğunu bir daha sübut edir və mən əminəm ki, ABŞ-da yaşayan idman həvəskarları bu yay həyata keçəcək yarışları izləməkdən zövq alacaqlar”.

Bu saziş ilə Bakı 2015 Avropa Oyunları yarışların dünyanın 50 ölkəsində yayaımlanacağını elan edib.

“Universal Sports Network” bütövlükdə ABŞ ərazisində Time Warner Cable, Cox Communications, Bright House Networks, Verizon FiOS, həmçinin DIRECTV və DISH kimi peyk yayımları və ölkədə fəaliyyət göstərən bir sıra regional kabel və IPTV operatorları vasitəsilə yayımlanır.

“Universal Sports Network” şirkətinin Məzmun və Kommunikasiya üzrə birinci vitse prezidenti cənab Robert Ceyms deyib: “İlk Avropa Oyunlarının nümayişi “Universal Sports Network” şirkətinin beynəlxalq Olimpiya yarışlarına dair öhdəliyini əks etdirir.

Təmsil olunan Avropa ölkələri və Oyunlarda iştirak edən nüfuzlu idmançılar ABŞ-dakı idman həvəskarı tamaşaçılarımızın maraqlı və həyəcanverici yarışlar izləyəcəyini vəd edirlər. “Universal Sports Network” ABŞ-da olimpiya, güc və ekstremal idman növləri haqqında proqramların başlıca ünvanıdır. Hər il 1200 saatdan çox orijinal proqram yayımlayan “Universal Sports” 25-dən çox dünya çempionatını eksklüziv yayımlama hüququna malikdir və illik olaraq 40-dan çox idman növü üzrə yarışan dünyanın ən uğurlu idmançılarını tamaşaçılarına nümayiş etdirir.

Həmin kateqoriyadan